SDU-da yeni təyin olunan baş müəllimlərlə GÖRÜŞ
Sumqayıt Dövlət Universitetində (SDU) cari ildə baş müəllim vəzifəsinə təyin olunmuş müəllimlərlə tanışlıq məqsədli görüş təşkil olunub.
ERAmedia xəbər verir ki, görüşdə SDU-nun rektoru v.i.e, AMEA-nın müxbir üzvü professor Əminağa Sadıqov iştirak edib. Tədbiri giriş sözü ilə açan Əminağa Sadıqov baş müəllim vəzifəsinə yüksələn müəllimləri təbrik edərək qeyd edib ki, bu vəzifə yalnız akademik nailiyyət deyil, eyni zamanda daha böyük məsuliyyət və öhdəlik deməkdir. Əminağa Sadıqov vurğulayıb ki, universitetdə tədris prosesinin davamlı inkişafı və keyfiyyətin yüksəldilməsi SDU-nun əsas strateji hədəflərindən biridir. Onun sözlərinə görə, müasir dövrdə qlobal elmi və təhsil mühiti sürətlə dəyişir və SDU da bu dəyişən çağırışlara uyğun şəkildə fəaliyyətini daim təkmilləşdirməlidir. Əminağa Sadıqov çıxışında süni intellektin cəmiyyətə və ali təhsil sisteminə təsirindən bəhs edərək qeyd edib ki, texnoloji yeniliklər artıq tədris prosesinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu baxımdan, müəllimlərin müasir texnoloji üstünlüklərdən səmərəli istifadə etməsi, rəqəmsal bacarıqlarını daim inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır. Ə.Sadıqov baş müəllim vəzifəsinə təyin olunmuş müəllimlər qarşısında duran əsas vəzifələrdən danışaraq, tədrisin keyfiyyətinin artırılması üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) bacarıqlarının, eləcə də xarici dil biliklərinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, akademik heyətin beynəlxalq elmi mühitə inteqrasiyası, xarici elmi resurslardan istifadə və beynəlxalq əməkdaşlıqda fəal iştirak universitetin elmi potensialının gücləndirilməsinə mühüm töhfə verir. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.
Əlihüseyn Salam










