media-paradosk

Əvvəllər insanın sosial və mənəvi təhlükəsizlik hissini ailə, qohum, qonşu və icma təmin edirdi.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ERAmedia-ya açıqlamasında bildirib ki, insan istər çətin, istərsə də xoş gündə tək olmadığına əmin idi.

Onun sözlərinə görə, xüsusilə uşaq tərbiyəsində, xəstəlik və digər çətinliklər zamanı insanın yanında qonşusu, qohumu və dostu olurdu:

“Yəni insanda əminlik, arxayınlıq hissi olduqca güclü idi. ‘Bir-birimizə kömək etməliyik’ mənəvi dəyəri, ‘bir-birimizə ehtiyacımız var’ reallığı ilə uzlaşırdı”.

Mehriban Zeynalova qeyd edib ki, adətlər də həmin dəyərləri qoruyan və nəsildən-nəslə ötürən mühüm mexanizm rolunu oynayıb.

“Xəstəni ziyarət etmək, yas sahibini tək qoymamaq, qonağı hörmətlə qarşılamaq, qonşunun çətinliyinə biganə qalmamaq sadəcə adət deyildi. Bu davranışların altında ‘başqasının dərdi mənə də aiddir’ düşüncəsi bir sütun kimi dayanırdı”, – deyə o vurğulayıb.

Mehriban Zeynalovanın fikrincə, əvvəlki münasibətlərdə lazımlılıq hissi daha güclü olub:

“Sən hər an dosta, qonşuya, yaxına lazım idin və onlar da sənə. Müasir münasibətlərdə isə getdikcə “mən səni seçirəm” prinsipi önə çıxır”.

O bildirib ki, seçim və fərdi azadlıq özlüyündə təhlükə deyil. Əsas təhlükə seçimlə birlikdə məsuliyyət, bağlılıq və qayğı hissinin zəifləməsidir.

“Gözün ətrafdakıları görüb onu hiss etməsidir. Dəyərin əsl gücü də burada üzə çıxır. Dəyər yalnız mənə rahat olanda əməl etdiyim qayda deyil. Dəyər heç kim məni məcbur etmədiyi halda başqasına qarşı hiss etdiyim məsuliyyətdir”, – deyə Mehriban Zeynalova əlavə edib.

İctimai Birliyin sədri hesab edir ki, gələcəyin əsas vəzifələrindən biri köhnə adətlərin mahiyyətindəki, insanı insana bağlayan dəyərləri qorumaqdır.

“Mənə görə, gələcəyin əsas vəzifəsi köhnə adətlərin içindəki insanı insana bağlayan dəyəri qorumaqdır. Sizcə, nəyi qoruyub, nəyi unutmalıyıq? Niyə tənhalıq hissi kütləviləşir?” – deyə Mehriban Zeynalova sual edib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər