media-donald_tramp

Siyasətçilərin seçkiqabağı təşviqat kampaniyaları zamanı müxtəlif vədlər, o cümlədən sosial-iqtisadi xarakterli vədlər verməsi demokratik siyasətin adi elementlərindən biridir.

Sabiq millət vəkili Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, seçki platformalarında vergilərin azaldılması, pensiyaların artırılması, sosial proqramların genişləndirilməsi, səhiyyə xərclərinin azaldılması və digər maddi faydalar vəd edilməsi demokratik ölkələrdə ənənəvi siyasi praktikalardandır.

Onun sözlərinə görə, ABŞ-da fəaliyyətdə olan prezidentin Konqresə aralıq seçkiləri zamanı öz partiyasının namizədlərinə dəstək verməsi də uzun illərdir mövcud olan siyasi ənənədir. Prezidentlər belə kampaniyalar çərçivəsində ayrı-ayrı ştatlara səfər edir, partiya mitinqlərində çıxış edir, namizədlərə səs istəyir və seçkiləri öz administrasiyalarının siyasətinə dəstək məsələsinə çevirirlər.

“Əsas yanaşma bundan ibarət olur ki, bizim partiyanın namizədlərinə səs verin, Konqresdə üstünlük qazanaq və müəyyən sosial, iqtisadi və digər proqramları qəbul edib həyata keçirək. Lakin bu il noyabr ayında keçiriləcək aralıq seçkiləri ilə əlaqədar Donald Trampın verdiyi vəd ənənəvi seçkiqabağı vədlərdən fərqlənir”, – deyə Qulamhüseyn Əlibəyli qeyd edib.

Sabiq deputatın sözlərinə görə, Tramp Texasda Respublikaçılar Partiyasının seçki kampaniyası çərçivəsindəki çıxışında bildirib ki, noyabrda keçiriləcək aralıq seçkilərində Respublikaçılar hər iki palatada qalib gəlsələr, ABŞ-ın hər bir yetkin vətəndaşına 5 min dollar “dividend” ödəniləcək. Eyni çıxışında Tramp demokratların qalib gələcəyi halda ABŞ-ın “kommunist ölkəsi”nə çevriləcəyini və amerikalıları “cəhənnəm”in gözləyəcəyini də söyləyib.

“Tramp bu ‘dividend’in necə – nağd pul şəklində, yoxsa iqtisadi və sosial proqramların icrası, o cümlədən vergilərin azaldılması nəticəsində ödəniləcəyini açıqlamır. Lakin burada bir məsələ diqqəti cəlb edir: seçicilərin konkret siyasi seçimi ilə onların şəxsi maddi qazancı arasında birbaşa əlaqə yaradılır”, – Qulamhüseyn Əlibəyli bildirib.

Onun fikrincə, ilk baxışdan bu vədi hüquqi baxımdan seçicinin satın alınması və ya rüşvət kimi qiymətləndirmək mübahisəli görünə bilər. Çünki vəd yalnız Respublikaçılar Partiyasına səs verəcək şəxslərə deyil, bütün yetkin vətəndaşlara – seçkilərdə iştirak etməyən və ya demokratlara səs verən şəxslərə də şamil edilir.

“Digər tərəfdən, Tramp bu ödənişi özünün və ya Respublikaçılar Partiyasının vəsaiti hesabına deyil, dövlət büdcəsinin hesabına həyata keçirməyi vəd edir. Bu səbəbdən klassik mənada seçicilərin satın alınması və ya rüşvət ittihamının hüquqi baxımdan necə qiymətləndiriləcəyi ayrıca müzakirə mövzusudur”, – deyə sabiq millət vəkili vurğulayıb.

Qulamhüseyn Əlibəylinin fikrincə, məsələnin əsas mübahisəli tərəfi təkcə hüquqi qiymətləndirmə ilə məhdudlaşmır və demokratik seçkinin mahiyyəti baxımından daha geniş suallar doğurur.

“Dövlət büdcəsi hakim partiyanın seçki fondu deyil. Dövlətin maliyyə resursları bütün cəmiyyətə məxsusdur. Hakim siyasi qüvvə vətəndaşların həmin resurslardan əldə edəcəyi konkret şəxsi faydanı özünün seçkidə qələbəsi ilə əlaqələndirməyə başlayırsa, dövlətlə hakim partiya arasındakı sərhədin necə qorunacağı məsələsi ortaya çıxır”, – deyə o bildirib.

Sabiq deputat hesab edir ki, belə yanaşmanın seçki praktikasında geniş yayılması siyasi proqramların rəqabətini də dəyişə bilər.

“Seçkiqabağı təşviqat tədricən siyasi proqramların yarışından dövlət xəzinəsindən seçiciyə kimin daha çox vəd edə bilməsi yarışına çevrilə bilər. Belə vəziyyətdə hakim siyasi qüvvənin müxalifət qarşısında əlavə üstünlüyü yaranır. Müxalifət yalnız gələcəkdə nə edəcəyini vəd edə bilər. Hakimiyyət isə mövcud dövlət maliyyə resurslarını siyasi kampaniyasının arqumentinə çevirmək imkanına malikdir”, – Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, dövlət resurslarından veriləcək konkret maddi faydanın hakim partiyanın seçkidə qələbəsi ilə əlaqələndirilməsi sadəcə sosial-iqtisadi vəd olmaqdan çıxaraq seçicinin iradəsinə maddi təsir vasitəsinə çevrilə bilər.

Qulamhüseyn Əlibəyli Trampın çıxışının digər hissəsinin də diqqətçəkən olduğunu bildirib. Onun fikrincə, burada seçiciyə eyni vaxtda iki fərqli mesaj verilir: bir tərəfdən maddi mükafat vədi, digər tərəfdən isə siyasi rəqibin qələbəsinin mənfi nəticələri barədə qorxuducu mesaj.

“Seçiciyə bir tərəfdən 5 min dollar vəd edilir, digər tərəfdən isə demokratların qələbəsi halında amerikalıları ‘cəhənnəm’in gözlədiyi bildirilir. Bu, siyasi kommunikasiya baxımından təsirli formul ola bilər. Çünki mürəkkəb siyasi seçimi sadə ‘qazanc və itki’ dilemmasına çevirir”, – deyə sabiq millət vəkili qeyd edib.

O əlavə edib ki, burada demokratik seçki baxımından başqa bir mübahisəli məqam da meydana çıxır.

“Demokratik seçkinin əsas elementlərindən biri seçicinin öz iradəsini azad şəkildə formalaşdırmasıdır. Mükafat vədi və qorxu təlqini seçicinin siyasi seçimini maddi maraq və psixoloji təsirlə əlaqələndirə bilər. Bu isə seçki kampaniyalarının məzmunu və siyasi rəqabətin xarakteri baxımından ciddi müzakirə mövzusudur”, – Qulamhüseyn Əlibəyli bildirib.

Sabiq millət vəkili hesab edir ki, Trampın Respublikaçılar qalib gələcəyi təqdirdə bütün yetkin vətəndaşlara 5 min dollarlıq “dividend” vədi və demokratların qələbəsini “cəhənnəm”lə əlaqələndirməsi yalnız ABŞ seçki kampaniyasının növbəti qeyri-adi epizodu kimi qiymətləndirilməməlidir.

“Burada söhbət dövlət resurslarının siyasi rəqabətdə hansı formada istifadə edilməsindən, seçicinin iradəsinin maddi və psixoloji təsirlərdən nə dərəcədə qorunmasından və hakimiyyətlə siyasi partiya arasındakı sərhədin necə saxlanılmasından gedir. Belə yanaşma uğur gətirərsə, onun gələcək seçkilərdə təkrarlanmayacağına heç bir təminat yoxdur. Bu baxımdan, məsələ təkcə ABŞ siyasəti üçün deyil, demokratik proseslərin gələcəyi baxımından da diqqətəlayiq presedent yarada bilər”, – deyə Qulamhüseyn Əlibəyli fikirlərini yekunlaşdırıb.

Vural


media-adspc

Bənzər xəbərlər