media-155316ermenistan_-_bohran_-_politoloq_reshad_bayramov0564

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı ölkəsinin Rusiya ilə münasibətlərinin indiyədək ən yüksək səviyyədə olduğunu bəyan edib və əksini iddia edənləri “xarici agentlər” adlandırıb.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Paşinyanın bu fikri reallığı tam əks etdirmir. Onun sözlərinə görə, Paşinyanın Vladimir Putin ilə son görüşündə aparılan müzakirələr iki ölkə arasındakı münasibətlərin heç də hamar olmadığını göstərirdi.

Şərhçi qeyd edib ki, əgər Ermənistan hökumət başçısı siyasi gərginliyə baxmayaraq iqtisadi əlaqələrin sabitliyinə işarə edibsə, bu sahədə də göstəricilər geriləməni ortaya qoyur: “Ötən il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 6,4 milyard dollar olub. Halbuki iki il əvvəl bu rəqəm 11 milyard dollar idi”.

Elxan Şahinoğlunun fikrincə, Paşinyanın “münasibətlər yüksək səviyyədədir” açıqlaması daha çox daxili auditoriyaya hesablanıb: “O, seçki öncəsi cəmiyyətdə narahatlıq olmadığını göstərməyə çalışır. Eyni zamanda Kremlə mesaj verir ki, seçkidə qalib gələcəyi təqdirdə münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur”.

Analitik əlavə edib ki, Rusiya rəhbərliyində Ermənistan istiqamətinə cavabdeh olan Sergey Kiriyenko erməni tərəfi ilə görüşlərdən imtina edib ki, bu da münasibətlərdəki soyuqluğun göstəricisidir. Bununla belə, onun sözlərinə görə, Kreml Paşinyana qarşı narazılığa baxmayaraq, parlament seçkilərindən sonra yenidən onunla işləmək məcburiyyətində qala bilər.

Şərhçi Paşinyanın parlamentdə müxalifətə yönəlik ittihamlarına da diqqət çəkib. Onun sözlərinə görə, baş nazir rəqiblərini Azərbaycanla yeni müharibədə maraqlı olmaqda günahlandırmaqla siyasi üstünlük qazanmağa çalışır.

Elxan Şahinoğlu bildirib ki, müxalifətin “sülh şərtlərinə yenidən baxılması” çağırışları reallıqdan uzaqdır: “İki ölkə artıq bir-birinin ərazi bütövlüyünü tanıyıb və sülh sazişi paraflanıb. Radikal dairələr isə açıq deməsələr də, mövcud şərtlərlə razılaşmaq istəmirlər və yeni tələblər irəli sürməyə çalışırlar”.

Siyasi şərhçi vurğulayıb ki, məhz bu cür yanaşmalar keçmişdə uzun illər davam edən danışıqların nəticəsiz qalmasına səbəb olmuş və nəticədə Azərbaycan ərazi bütövlüyünü hərbi yolla təmin etmişdi.

Vural


media-adspc

Bənzər xəbərlər