Səfir Sankt-Peterburqa səfər zamanı hücuma məruz qalıb
Polşanın səfiri Sankt-Peterburqa səfəri zamanı hücuma məruz qalıb. Antipolşa fəalları diplomatı mühasirəyə alaraq ona zərbə endirməyə cəhd ediblər.
ERAmedia xəbər verir ki, 16 noyabr, bazar günü Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Sankt-Peterburqa Polşanın Müstəqillik Günü münasibətilə polyak icması ilə görüşmək üçün gəlib. Mərasimə gedərkən, onu konsul Yaroslav Strıxatski müşayiət etdiyi halda, diplomat qəfil Polşa və Ukraynaya qarşı şüarlar səsləndirən aqressiv aktivistlər qrupu tərəfindən mühasirəyə alınıb.
Şahidlərin sözlərinə görə, Krayevskiyə Polşanın Ukraynaya göstərdiyi dəstəyə görə təhqirlər yağdırılıb. Bir anda bəzi piket iştirakçıları ona fiziki zərbə endirməyə cəhd göstərib. Durum o qədər gərginləşib ki, Polşanın Dövlət Mühafizə Xidmətinin əməkdaşları müdaxilə etməyə məcbur olublar. Bu, son illərdə baş verən ən ciddi hadisələrdən biri hesab olunur.
Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Macey Vevyur hadisəni təsdiqləyib və bildirib ki, Rusiya işlər üzrə müvəkkili çağırılan zaman Varşava “dərin narazılığını” ifadə edib. Rusiya tərəfi isə belə halların “baş verməməli” olduğunu bildirib.
“Şifahi qarşıdurma, səfirimizə qarşı sözlü hücum və daha sonra təəssüf ki, fiziki qarşıdurma yaratmaq cəhdi olub. Mühafizə də müdaxilə etməli olub”, — deyə o bildirib.
Kütlənin aqressiv davranışına baxmayaraq, səfir bazilikaya təhlükəsiz şəkildə çata bilib və polyak icması ilə görüşünü keçirib.










