Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv yaddaş - ELMİ SESSİYA
AMEA Folklor İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamının icrasına həsr olunmuş “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv yaddaş” mövzusunda elmi sessiya keçirilib.
ERAmedia-ya bu barədə institutdan məlumat verilib. Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesi, Böyük Qayıdış konsepsiyası və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ölkənin strateji inkişaf istiqamətlərindən birini təşkil edir. Bildirib ki, 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri sırasında yer alan Böyük Qayıdış Proqramı yalnız fiziki infrastrukturun bərpasını deyil, həm də əhalinin reinteqrasiyasını və sosial-mədəni mühitin yenidən formalaşdırılmasını əhatə edir. Direktor vurğulayıb ki, şəhərsalma və memarlıq məsələləri müasir dövrdə yalnız tikinti və urbanizasiya ilə məhdudlaşmır, eyni zamanda, kollektiv yaddaş, mədəni identiklik və sosial münasibətlər sisteminin formalaşmasına təsir göstərir. Bu baxımdan şəhər mühitinin humanitar aspektlərdən araşdırılması xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Hikmət Quliyev “Sosial-mədəni transformasiya və kommunikativ dinamika müstəvisində şəhər folkloru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şəhər folklorunun Azərbaycanda kifayət qədər sistemli şəkildə araşdırılmadığı, folklorşünaslıqda tədqiqatların əsasən kənd mühiti üzərində qurulduğu qeyd olunub. Alim bildirib ki, şəhər folkloru ayrıca sosial-mədəni və kommunikativ mühit kimi öyrənilməli, urbanizasiya, miqrasiya və sənayeləşmə prosesləri kontekstində təhlil edilməlidir.
Alim şəhər folklorunun, internet folklorunun və urban mədəniyyətin tədqiqinin gələcək folklor araşdırmalarının prioritet istiqamətlərindən biri olduğunu bildirib, bu sahədə yeni nəşrlərin və elmi tədqiqatların əhəmiyyətini vurğulayıb.
Daha sonra Folklor nəzəriyyəsi şöbəsinin müdiri professor Füzuli Bayat “Polisentrik kültür paradiqmasında şəhər folkloru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şəhər folklorunun formalaşma mexanizmləri, urbanizasiya prosesləri, sənaye inqilablarının sosial-mədəni mühitə təsiri və müxtəlif etnik-mədəni qrupların qarşılıqlı əlaqəsi nəticəsində yaranan yeni folklor modelləri təhlil olunub.
Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Afaq Xürrəmqızı “Hüseynqulu Sarabski və Bakı folkloru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Bakı şəhər folklor mühitinin formalaşması, onun Azərbaycan folklorşünaslığında uzun müddət diqqətdən kənarda qalması məsələləri və bu istiqamətdə aparılan ilk sistemli araşdırmalar geniş şəkildə təhlil olunub. Müəllif göstərib ki, sovet dövründə folklor əsasən kənd mühiti ilə əlaqələndirilib, şəhər folkloru isə “asfalt üzərində folklor yaranmaz” yanaşması səbəbindən lazımi səviyyədə öyrənilməyib. Bununla belə, Hüseynqulu Sarabski, Hənəfi Zeynallı, Rəxşəndə Babayeva kimi tədqiqatçıların fəaliyyəti Bakı folklorunun zəngin və müstəqil bir şəhər folklor sistemi olduğunu sübut edir. Məruzədə xüsusilə Hüseynqulu Sarabskinin “Köhnə Bakı” əsəri əsas mənbə kimi təqdim edilib. Qeyd edilib ki, Sarabskinin təsvir etdiyi hadisələr yazıçı fantaziyası deyil, müəllifin İçərişəhərdə keçən uşaqlıq və gənclik illərinin canlı müşahidələridir. Bu səbəbdən “Köhnə Bakı” yalnız memuar deyil, həm də etibarlı etnoqrafik və folklor qaynağı hesab olunur. Əsərdə Novruz mərasimləri, “Qələndər”, “Kosaldıqaç”, “Oğru-oğru”, “Aşıq-aşıq”, “Fincan-fincan” kimi oyunlar, toy adətləri, bağ həyatı, dini mərasimlər və məhəllə əyləncələri geniş şəkildə təsvir edilir.
Elmi sessiya iştirakçıların sualları və müzakirələrlə başa çatıb.










