media-f1195248-d183-3ae1-8f01-e24c2ae7a4cc_1200

Dünya dəyişir, şəhərlər böyüyür, amma əsas məsələ – insanın necə və hansı şəraitdə yaşaması eyni qalır. Bu reallıq fonunda bu ilin may ayında Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 qlobal şəhərsalmada yeni mərhələnin başlanğıcı kimi diqqət mərkəzinə çıxır. Burada müzakirə olunan yanaşmalar və qəbul edilən istiqamətlər təkcə nəzəri çərçivə yaratmır, milyonlarla insanın gündəlik həyatına birbaşa təsir edən qərarların əsasını formalaşdırır.

ERAmedia xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım səsləndirib.

Onun sözlərinə görə, bu gün şəhərsalma anlayışı köklü şəkildə dəyişir. Artıq məsələ tikinti tempində və ya infrastrukturun genişliyində ölçülmür. Əsas meyar insanın sağlamlığı, rahatlığı və sosial rifahıdır. Sağlam ev anlayışı da məhz bu baxımdan yeni məna qazanır. Ev insan üçün yaşayış sahəsi olmaqla yanaşı, onun fiziki və psixoloji vəziyyətini müəyyən edən əsas mühit kimi qəbul olunur. Gün işığı, təmiz hava, təhlükəsiz məkan və sosial mühit bu anlayışın ayrılmaz hissəsinə çevrilib.

“Azərbaycanda həyata keçirilən şəhərsalma siyasəti də bu qlobal çağırışlara uyğun şəkildə inkişaf edir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən son illərdə icra olunan layihələr şəhər məkanının keyfiyyət mərhələsinə keçdiyini açıq şəkildə göstərir. Komitə tərəfindən həyata keçirilən islahatlar şəhərsalma sahəsində yeni institusional mərhələ formalaşdırıb. Ərazi planlaşdırılması üzrə vahid yanaşmanın tətbiqi, baş planların hazırlanması və təsdiqi prosesinin sistemləşdirilməsi, tikinti sahəsində şəffaflığın artırılması, həmçinin yeni normativ-hüquqi bazanın formalaşdırılması bu sahədə keyfiyyətli dönüş yaradıb. Qəbul edilən yeni qaydalar və qanunvericilik təşəbbüsləri şəhərsalmanı daha çevik, nəzarətli və müasir tələblərə uyğun şəkildə inkişaf etdirir, eyni zamanda, investorlar üçün daha aydın və etibarlı mühit yaradır. Bu islahatlar nəticəsində şəhərsalma prosesi təkcə tikinti fəaliyyəti kimi yox, kompleks inkişaf strategiyasının əsas sütunlarından biri kimi möhkəmlənib”, – deyə F.Yıldırım vurğulayıb.

Deputat xüsusilə qeyd edib ki, yeni yaşayış komplekslərinin planlaşdırılmasında sağlam mühitin formalaşdırılması, yaşıllıq zonalarının genişləndirilməsi, sosial infrastrukturun əlçatanlığı və şəhər balansının qorunması əsas prioritet kimi çıxış edir. Bu yanaşma artıq paytaxt Bakı ilə yanaşı, regionlarda da sistemli şəkildə tətbiq olunur. Bu kontekstdə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri müasir şəhərsalmanın ən qabaqcıl nümunələrindən biri kimi çıxış edir. Ağalı kəndi, Füzuli və Zəngilan şəhərləri bu gün artıq yeni yanaşmanın real təcəssümüdür. Bu ərazilərdə qurulan yaşayış məntəqələri ağıllı idarəetmə sistemləri, alternativ və bərpaolunan enerji mənbələri, ekoloji tarazlığın qorunması, geniş yaşıl zonalar və açıq ictimai məkanlar kimi prinsiplər əsasında formalaşdırılır. Burada şəhər yalnız tikililər toplusu kimi formalaşmır, eyni zamanda, həyat keyfiyyətini təmin edən kompleks mühit kimi inkişaf edir.

“Aprelin 29-da “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tərəfindən səsləndirilən fikirlər də bu sahədə aparılan siyasətin davamlı və strateji xarakter daşıdığını bir daha göstərdi. Çıxışda şəhərsalma prosesində özəl sektorun rolunun artırılması, investisiya mühitinin genişləndirilməsi, yeni yaşayış zonalarında biznes imkanlarının yaradılması, uzunmüddətli planlaşdırma və inteqrasiya olunmuş yanaşma ön plana çəkildi. Bu yanaşma şəhərlərin inkişafını daha çevik, iqtisadi baxımdan dayanıqlı və sosial baxımdan balanslı edir. Buna görə də hesab edirəm ki, Bakıda keçiriləcək WUF13 çərçivəsində müzakirə olunan əsas istiqamətlər inklüziv mənzil siyasəti, iqlimə davamlı şəhərlər, sosial bərabərlik və insan mərkəzli planlaşdırma Azərbaycanın həyata keçirdiyi inkişaf modeli ilə üst-üstə düşür. Bu uyğunluq isə onu göstərir ki, ölkədə aparılan şəhərsalma siyasəti qlobal trendlərlə paralel şəkildə formalaşır və bir çox hallarda qabaqcıl nümunə kimi çıxış edir”, – deyə Fatma Yıldırım əlavə edib.


media-adspc

Bənzər xəbərlər