Şəhid ailələri və qazilərə dövlət dəstəyi - Deputat açıqladı
27 Sentyabr – Anım Günü Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinə dərin ehtiramın ifadəsidir.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycan xalqı Vətən müharibəsində əldə olunan tarixi Qələbəyə görə şəhidlərimizə borcludur. Onun sözlərinə görə, Vətən müharibəsi Azərbaycanın şanlı tarixinin mühüm səhifələrindən biridir və şəhidlərimizlə qazilərimiz xalqımız üçün qürur mənbəyidir.
Deputat qeyd edib ki, şəhid ailələrinin və qazilərin sosial təminatının daha da gücləndirilməsi dövlətin sosial siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
“Vətən müharibəsindən sonra dövlət tərəfindən şəhid ailələrinə 2863 mənzil verilib. Həmin müddətdə, yəni 2020-2025-ci illərdə qazilərimizə 3969 mənzil təqdim olunub. Beləliklə, yalnız son 5 ildə şəhid ailələri və qazilərimiz dövlət tərəfindən 6832 mənzillə təmin edilib”, – deyə Vüqar Bayramov vurğulayıb.
O bildirib ki, Azərbaycan cəmiyyəti də hər zaman şəhid ailələrinə və qazilərə dəstək nümayiş etdirir. Deputatın sözlərinə görə, bu istiqamətdə həyata keçirilən dövlət tədbirlərinə əlavə dəstək verilməsi məqsədilə yaradılan “YAŞAT” Fondu mühüm fəaliyyət həyata keçirir.
“YAŞAT” Fondu tərəfindən indiyədək 19 mindən çox şəxs öhdəliyə götürülüb və bu istiqamətdə 96 milyona yaxın vəsait xərclənib”, – deyə deputat əlavə edib.
Vüqar Bayramov qeyd edib ki, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər onların dövlət və cəmiyyət tərəfindən daim diqqətdə saxlanıldığını göstərir.
“Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəmanlarımızı hər zaman dərin ehtiram və minnətdarlıqla yad edirik. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə tezliklə cansağlığı və şəfa versin”, – deyə deputat bildirib.
Vural










