Şəhid Camal Camalovun doğum günüdür
Bu gün cəsur döyüşcü, şəhid Camal Mübarək oğlu Camalovun doğum günüdür.

ERAmedia xəbər verir ki, Camalov Camal Mübarək oğlu 12 oktyabr 1974-cü il tarixdə Zəngəzur mahalı Qubadlı rayonunun Ballıqaya kəndində anadan olub. Atası Mübarək Allahverən oğlu uzun illər Qubadlı Rabitə Qovşağında elektrik avadanlığı işləri mütəxəsisi işləyib, bacarıqlı bir işçi kimi ictimaiyyətin dərin rəğbətini qazanıb. Anası Pakizə xanım isə ömrü boyu kolxoz təsərrüfatında çalışıb.

Camal 1990 – cı ildə Qubadlı rayonunun Hal kənd Orta Məktəbini bitirib. Təhsil aldığı illərdə nümunəvi, əxlaqı və intizamına görə məktəbdə böyük hörmət qazanıb.
Yaxınlarının dediklərinə görə, hələ orta məktəbdə oxuduğu illərdə Camal hərbçi olmaq arzusunda olub.

1992-ci il iyun ayının 5-də könüllü olaraq Milli Ordu sıralarına qəbul edilib. Zəngilan, Ağdam və Füzuli rayonlarında gedən döyüşlərdə fəal iştirak edib, igid bir pulemyotçu kimi tanınıb. Camal Mübarək oğlu Camalovun son döyüşü 1993-cü il dekabr ayının 2-də Füzuli rayonunda olub. Həmin gün Füzuli ərazisində gedən ağır döyüşlərdə əsil igidlik nümunələri göstərib və bu qanlı döyüşdə qəhrəmancasına Şəhid olub.
Allah rəhmət eləsin!