Şəhid Elməddin Mürsəlzadənin xatirəsi əbədiləşdirilib
Gəncə Dövlət Universitetində (GDU) Vətən müharibəsi şəhidi Elməddin Mürsəlzadənin xatirəsinə həsr olunan tədbir keçirilib.
ERAmedia xəbər verir ki, GDU-dan verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə şəhidin adını daşıyan auditoriyada yaradılmış xatirə guşəsinin önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qiyabi şöbənin müdiri Elsevər Nağıyev çıxışında şəhidlərin qəhrəmanlığından və onların xatirəsinin yaşadılmasının mənəvi əhəmiyyətindən danışıb. O bildirib ki, 2000-ci il avqustun 7-də Samux rayonunun Əhmədbəyli kəndində anadan olan Elməddin Mürsəlzadə 2017-ci ildə GDU-nun “Bədən tərbiyəsi və idman müəllimliyi” ixtisasına qəbul olunub. Vətən müharibəsi başlayanda təhsilini yarımçıq qoyaraq könüllü döyüşlərə qatılıb və 2020-ci il oktyabrın 15-dən 16-na keçən gecə Cəbrayıl uğrunda döyüşlərdə şəhid olub.
Elməddin Mürsəlzadə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə vurğulayıb ki, auditoriyada yaradılan xatirə guşəsi tələbələrə şəhidlərin fədakarlığını xatırladacaq, gənclərin vətənpərvərlik ruhunun güclənməsinə töhfə verəcək.
Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva isə universitetin şəhid məzunlarının xatirəsinin uca tutulmasının və şəhid ailələrinə qayğı göstərilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə şəhidin atası Cəsur Mürsəlzadə övladının adının universitetdə əbədiləşdirilməsini böyük qürur hissi ilə qarşıladığını bildirərək, təşəbbüsə görə minnətdarlığını ifadə edib.
Sonda tələbələr vətənpərvərliyə həsr olunan şeirlər səsləndiriblər.









