Şəhid Vaqif Rəcəbovun ildönümü qeyd olunub
Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunmasında qəhrəmancasına canından keçən şəhid Rəcəbov Vaqif Yaqub oğlunun ildönümü qeyd olunub.
ERAmedia xəbər verir ki, tədbirə başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul işçisi İsmayıl Gülməmmədov çıxış edərək dövlətimizin şəhid ailələrinə olan hörmət və ehtiramından danışıb. Bu gün hər bir Azərbaycan vətəndaşının şəhidlərimizin qəhrəmanlığı ilə qürur duyduğunu, şəhidlərimizin xatirəsinin daim qəlbimizdə uca tutulacağını bildirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətinin Naxçıvan Şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı İmran Əliyev, şəhid Vəli Quliyevin anası Həqiqət Quliyeva, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov və qazi Seymur Məmmədov çıxış ediblər.
Qeyd olunub ki, şəhid Rəcəbov Vaqif Yaqub oğlu 2009-cu ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə başlayıb, 2013-cü ildə Gəncə şəhərində yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətini davam etdirib. Nümunəvi xidmətinə görə daxili işlər nazirinin müvafiq əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Vaqif Rəcəbov 2023-cü ilin 20 sentyabr tarixində Azərbaycan Ordusunun başlatdığı lokal xarakterli antiterror əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən Ağdərə rayonunun Vəngili kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Tədbirin sonunda şəhid Vaqif Rəcəbovun adına yazılmış şeir kitabı anası Məryəm Rəcəbovaya təqdim edilmişdir. Sonda şagirdlər tərəfindən şəhidlərimizə həsr olunmuş şeirlər qiraət edilib, şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.