media-1721296991_ca11ca25-eab8-3c62-98e5-9d5c033ed0c8_850

Anım Günü Vətənin bütövlüyü və işğaldan azad olunması uğrunda canından keçən şəhidlərin xatırlanması, onların əziz xatirəsi qarşısında baş əyilməsi, göstərdikləri qəhrəmanlıq və fədakarlığın unudulmaması baxımından xüsusi əhəmiyyət daşıyır.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Anım Günündə şəhidlərimizi böyük minnətdarlıqla yad etməklə yanaşı, hər kəs özünə “Onların yolunda canlarından keçdikləri bu Vətən üçün mən nə edirəm və nə etməliyəm?” sualını verməlidir.

Deputat xüsusilə gənclərə məhz belə bir düşüncənin aşılanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, gənclər böyük güclərin gizlətmədikləri maneçiliklərinə və düşmənə hərtərəfli dəstəyinə baxmayaraq öz torpaqlarını azad etməyi bacarmış qeyrətli bir millətin övladları və qətiyyətli dövlətin vətəndaşları olduqlarını bilməlidirlər.

Sahib Alıyev qeyd edib ki, bu, həm böyük qürur, həm də məsuliyyətdir.

Deputat bildirib ki, Anım Günündə, eyni zamanda, torpaqlarımızın vaxtilə niyə işğal edildiyi və həmin dövrdə bunun qarşısının niyə alına bilmədiyi barədə də düşünmək lazımdır.

“Düşünməli və işğal illərində baş verənləri nə yaddan çıxarmalı, nə bağışlamalıyıq”, – deyə Sahib Alıyev vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanda və bütövlükdə erməni cəmiyyətində revanşist əhval-ruhiyyənin mövcudluğu nəzərə alınaraq, Azərbaycanın keçmişdə buraxdığı səhvləri təkrarlamaq haqqı yoxdur.

Sahib Alıyev bildirib ki, qarşı tərəfin törətdiyi soyqırımları, etnik təmizləmələr, şəhər və kəndlərin dağıdılması ilə bağlı peşmanlıq ifadə etməməsi və üzr istəməməsi ciddi nəticələr çıxarmağı zəruri edir.

“Əgər onlar törətdikləri soyqırımlarına, etnik təmizləmələrə, şəhər və kəndlərimizi viran qoyduqlarına görə heç bir peşmanlıq keçirmirlərsə, hələ bir dəfə də olsun üzr istəməyiblərsə, deməli, əllərinə düşən ilk fürsətdə eyni vəhşiliyi təkrarlamağa hazırdırlar. Biz onlara bu şansı verməməliyik. Heç vaxt!” – deyə deputat əlavə edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər