media-1679381759155

 

media-dd8d8e2e-1d08-40a5-83f1-699a78b5ede1“Yeddi oğul istərəm” filminin yadda qalan personajlarından olan Gəray bəy obrazının formalaşmasında bir neçə tarixi şəxsiyyətin həyatından istifadə edildiyi bildirilir.

ERAmedia xəbər verir ki, araşdırmaçılar ekran qəhrəmanının əsas prototiplərindən biri kimi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun polkovniki Gəray bəy Vəkilovun adını çəkirlər. 1884-cü ildə dünyaya gələn Gəray bəy gənc yaşlarında Rus-Yapon müharibəsində iştirak edib. Hərbi xidmətini başa vurduqdan sonra polis orqanlarında çalışan Vəkilov müxtəlif bölgələrdə, o cümlədən Cavanşir qəzasında asayişin qorunması və silahlı dəstələrə qarşı mübarizə ilə məşğul olub.

Mənbələrə görə, qətiyyətli və sərt xarakteri ilə seçilən Gəray bəy sonradan Azərbaycan Xalq Cümhuriyyəti ordusunda polkovnik rütbəsinə qədər yüksəlib və milli hərbi məktəbin formalaşdırılması prosesində iştirak edib. Sovet hakimiyyəti illərində ordudan uzaqlaşdırılan Vəkilov 1931-ci ildə həbs olunub. O, 1952-ci ildə vəfat edib.

Araşdırmalarda qeyd olunur ki, xalq şairi Səməd Vurğun Gəray bəy Vəkilovu şəxsən tanıyıb və onunla yaxın münasibətlər saxlayıb. Şairin yaradıcılığında yer alan bəzi obrazların formalaşmasına da bu tanışlığın təsir göstərdiyi bildirilir.

Ədəbiyyatşünasların fikrincə, “Komsomol” poemasında yaradılan mənfi qəhrəman yalnız Gəray bəy Vəkilovun həyatından götürülməyib. Həmin obrazın formalaşmasında Qazax mahalının tanınmış mülkədarı Mədət bəy Alenaqovun xarakterik xüsusiyyətlərindən də istifadə olunub. Sərt idarəçilik üsulu ilə tanınan Alenaqov sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə köçüb və ömrünün sonuna qədər orada yaşayıb.

Mütəxəssislər hesab edirlər ki, sonradan “Yeddi oğul istərəm” filmində tamaşaçılara təqdim olunan Gəray bəy obrazında həm Gəray bəy Vəkilovun, həm də Mədət bəy Alenaqovun xarakter cizgiləri öz əksini tapıb. Bu səbəbdən ekran qəhrəmanı tarixi faktlarla bədii təxəyyülün sintezindən yaranmış mürəkkəb obraz kimi qiymətləndirilir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər