Sərhədlərin açılması, Zəngəzur dəhlizi və sülh prosesi - Zaur Məmmədov yazır...

Nikol Paşinyanın son açıqlamasında diqqət çəkən əsas məqam gözlənilmədən, aydın siyasi əsaslandırma olmadan Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilədək vaxt müəyyənləşdirməsidir.
Bu açıqlama istər-istəməz sual doğurur: Əgər sülh Ermənistan üçün həqiqətən prioritetdirsə, niyə onun əldə olunması üçün bu qədər uzaq zamanı müəyyənləşdirir?
Paşinyanın mesajında başqa bir məqam da var. O, Türkiyə ilə sərhədin açılmasına və regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına nail olmağa çalışır. Ancaq Ermənistanın yeni Konstitusiyası məsələsinə münasibətdə konkret mövqe ortaya qoymur.
Halbuki Azərbaycan üçün Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə əlaqələndirilən müddəaların aradan qaldırılması sülh gündəliyinin əsasını təşkil edir.
Türkiyə ilə Ermənistan arasında sərhəd Azərbaycanla sülh sazişi imzalanmadan açılarsa, bu, Cənubi Qafqazda siyasi və iqtisadi tarazlığa təsir göstərə bilər. Əsas məsələ sərhədin açılmasının özü deyil, Ermənistanın Azərbaycan qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədən hansı iqtisadi və geosiyasi üstünlükləri əldə edəcəyidir.
Ankara Ermənistanla iqtisadi əlaqələri genişləndirməklə öz təsir imkanlarını artıra bilər. Ermənistan isə yeni bazarlara, nəqliyyat marşrutlarına və əlavə iqtisadi imkanlara çıxış əldə edər. Lakin bütün bunların Azərbaycanla münasibətlərdə dayanıqlı sülhə gətirib çıxaracağına heç bir zəmanət yoxdur.
Qısası, açıq şəkildə Paşinyanın Vaşinqton sazişi üzrə üzərinə götürdüyü öhdəliklərdən yayındığına şahidlik etməkdəyik.
Son 15 ay ərzində Paşinyanın Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir addım atmaması, yeni Konstitusiya üzrə referendumda səsverməyə çıxarılacaq layihənin mətninin hələ də ictimaiyyətə təqdim edilməməsi – prosesin gələcəyi ilə bağlı ciddi suallar yaradır.
Beləliklə, sülh prosesinin sürətləndirilməsi əvəzinə, onun qeyri-müəyyən müddətə uzadılmasına yönəlik addımları görməkdəyik. Belə bir addımlar bölgədə yeni geosiyasi rəqabət üçün əlavə imkanlar yaradır.
Daha təhlükəli məqam isə post-Paşinyan dövrü ilə bağlıdır. Bu gün həll edilməyən məsələlər sabah Ermənistanın siyasi hakimiyyətində mümkün dəyişikliklər fonunda yenidən gündəmə gətirilə bilər. Revanşist qüvvələrin hakimiyyətə qayıtması və ya siyasi təsirlərini gücləndirməsi halında, köhnə ərazi iddialarının və qarşıdurma yaradan narrativlərin yenidən dövriyyəyə buraxılması riski qalacaq.










