Seriallarla bağlı yeni qərar – Ssenarilərdə dəyişiklik ediləcək
Türkiyənin Kahramanmaraş bölgəsində 9 nəfərin həyatını itirdiyi silahlı hücumdan sonra şiddət məzmunlu televiziya serialları və kompüter oyunları yenidən ictimai müzakirələrin gündəminə gəlib.
ERAmedia xəbər verir ki, prodüser şirkətlər bəzi layihələrin ssenarilərində dəyişiklik etmək qərarı alarkən, bir sıra şirkətlər bu tip məzmunlara reklam verməyi dayandıracaqlarını açıqlayıb.
Aprelin 14-də Şanlıurfada, çərşənbə günü isə Kahramanmaraşda məktəblərə qarşı həyata keçirilən silahlı hücumlar geniş ictimai etiraza səbəb olub. Kahramanmaraşdakı hücumda riyaziyyat müəllimi Ayla Kara və 9 şagird həyatını itirib, hər iki hücum nəticəsində ümumilikdə 32 nəfər yaralanıb.
Hadisələrdən sonra hücumların arxa planı müzakirə olunmağa başlayıb və şiddət məzmunlu kompüter oyunları ilə televiziya seriallarının təsiri gündəmə gətirilib. Bu müzakirələrdən sonra bəzi serialların yayın axınından çıxarıldığı bildirilib.
Birsen Altuntaşın xəbərinə görə, reklam verən şirkətlərin şiddət və silah məzmunlu layihələrə dəstək verməmə qərarından sonra prodüserlər də hərəkətə keçib. Xüsusilə “Yeraltı”, “Eşref Tek”, “A.B.İ.” və “Taşacak Bu Deniz” kimi cinayət və şiddət mövzulu serialların yeni bölümləri yayın siyahısından çıxarılıb.
Prodüserlər seriallardakı şiddət səhnələrini azaltmaq məqsədilə bu həftə ssenarilərdə dəyişiklik etməyə hazırlaşır.
Şirkətlər də baş verən hadisələrdən sonra reklam siyasətlərini yenidən nəzərdən keçirib. “Yapı Kredi” Korporativ Kommunikasiya Direktoru Arda Öztaşkın şiddət məzmunlu seriallara artıq reklam verməyəcəklərini açıqlayıb.
Vüsalə










