media-e1d5a314-5de5-4a99-9f1d-3e7b534c661a

Son günlər millət vəkili Fazil Mustafanın boşanmaların artması ilə bağlı fikirləri ətrafında yaranan müzakirələrə münasibət bildirən yazıçı Aqşin Yenisey hesab edir ki, məsələyə emosional yox, sosioloji prizmadan yanaşmaq lazımdır.

ERAmedia xəbər verir ki, onun sözlərinə görə, bizdə fikir müzakirəsi aparmaq əvəzinə, tez-tez şəxsi hücumlara üstünlük verilir və bu da problemin mahiyyətini kölgədə qoyur.

Aqşin Yenisey deyir ki, Şərq mentaliteti qadınlara bəzi qadağalar gətirdiyi kimi, kişilərə də görünməz qadağalar qoyur:

“Bizdə belə bir yanaşma var ki, qadın nə qədər nanəciblik etsə də kişi danışmamalıdır, ayıbdır. Qadını ictimai müzakirə obyektinə çevirmək kişiyə yaraşmaz. Amma bu, sosial reallığı analiz etməyə mane olur. Sosioloji məsələni şəxsi təhqir səviyyəsinə endirəndə cəmiyyət olaraq heç yerə gedə bilmirik”.

Yazıçı boşanmaların artmasını sekulyarizmin sosiologiyası ilə əlaqələndirir: “Sekulyarizm insanlara seçim azadlığı verdi. Bu azadlıq bütün sahələrdə olduğu kimi, cinslərarası münasibətlərdə də mərkəzi dəyərə çevrildi. İndi insanlar ailə qurandan sonra belə düşünür: “Görəsən, doğru insanımı seçdim?”, “Bundan yaxşısı yoxdurmu?” Seçim imkanının özü ailə münasibətlərinə yeni dinamika gətirib”.

Aqşin Yenisey bu mövzuda israilli sosioloq Eva İllouzun araşdırmalarına istinad edir və onun “Sevgi nədən əzab verir” kitabını xüsusilə qeyd edir: “Eva İlluz göstərir ki, müasir cəmiyyətdə romantik münasibətlər bazar məntiqi ilə işləməyə başlayıb. Seçim çoxaldıqca tərəddüd artır, alternativlərin mövcudluğu sədaqət anlayışını zəiflədir”.

Onun fikrincə, bizim kimi sekulyarizm yoluna yeni qədəm qoyan cəmiyyətlərdə insanlar seçim azadlığını ən rahat şəxsi həyatlarında tətbiq edirlər: “Siyasi və iqtisadi sahədə sərbəstlik məhdud olanda, insanlar azadlıq hissini daha çox münasibətlərdə yaşayırlar. Amma biz bu azadlığın görməmişiyik, onu necə tənzimləməyi öyrənməmişik. Buna görə də proses daha ağrılı və sərt gedir”.

Yazıçı hesab edir ki, ənənəvi mühitlərdə seçim imkanının ailə qurana qədər məhdudlaşdırılması sonradan boşanmaların artmasına zəmin yaradır:

“Seçim hüququ əvvəlcədən tanınmayanda, insanlar formal ailə qurur, amma sonradan boşanaraq həmin hüququ reallaşdırmağa çalışırlar. Bu, fərdi əxlaq problemi deyil, struktur problemdir”.

Aqşin Yenisey vurğulayır ki, boşanmaların qarşısını inzibati üsullarla almaq mümkün deyil:

“Cərimə ilə, qadağa ilə, təzyiqlə bu məsələ həll olunmur. Cəmiyyət dəyişirsə, ailə modeli də dəyişir. Biz bu dəyişikliyi emosional yox, elmi baxışla analiz etməyi öyrənməliyik”.


media-adspc

Bənzər xəbərlər