media-244075633_4588212367866909_1628623520736688086_n

1901-ci il oktyabrın 7-də Bakıda müsəlman qızların dünyəvi təhsil alması üçün mühüm bir addım atıldı.

ERAmedia xəbər verir ki, həmin gün Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə şəhərdə qızlar üçün xüsusi məktəb fəaliyyətə başlayıb.

Maarifçi Həsən bəy Zərdabinin dəstəklədiyi bu layihə dövrü üçün olduqca cəsarətli təşəbbüs sayılırdı. Tağıyev qadınların savadlanmasını cəmiyyətin inkişafının əsas şərtlərindən biri kimi qiymətləndirir və qızların müasir biliklərə yiyələnməsinin vacibliyini vurğulayırdı.

Yeni təhsil ocağının yaradılması müsəlman ailələrindən olan qızların məktəbə cəlb olunması baxımından mühüm hadisəyə çevrildi. Təhsil müəssisəsi qısa müddətdə yalnız Bakı üçün deyil, bütövlükdə Cənubi Qafqazın müsəlman icmaları arasında qadın təhsilinə münasibətin dəyişməsində mühüm rol oynadı.

Məktəbə rəhbərlik isə Həsən bəy Zərdabinin həyat yoldaşı, maarifçi Hənifə xanım Məlikova-Zərdabiyə həvalə edildi. Onun fəaliyyəti qızların təhsilə cəlb olunması və məktəbin formalaşmasında xüsusi əhəmiyyət daşıdı.

Tağıyevin bu təşəbbüsü XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində qadınların maariflənməsi prosesinə ciddi təkan verdi. Bakıda yaradılan məktəb sonrakı illərdə qadın təhsilinin genişlənməsi və yeni nəslin dünyəvi biliklərə yiyələnməsi baxımından mühüm tarixi mərhələ kimi qiymətləndirildi.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər