Şərqi Aralıq dənizində yeni güc oyunu: Qərb daxilində parçalanma
Şərqi Aralıq dənizində geosiyasi dinamika dəyişir və Qərb daxilindəki fikir ayrılıqları bölgədəki güc balansını daha mürəkkəb hala gətirir.

- Eylem Okumuş
Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya açıqlamasında bildirib ki, ABŞ ilə Fransa arasındakı strateji ayrışma artıq sahədə hiss olunan nəticələr doğurur.
Eylem Okumuşun sözlərinə görə, ABŞ-ın diqqətini Asiya-Sakit okean regionuna və Çinlə rəqabətə yönəltməsi, Fransanın isə Avropa mərkəzli daha müstəqil xarici siyasət xətti izləməsi Qərbin bölgədə vahid mövqe sərgiləməsini çətinləşdirir. Bu vəziyyət isə Şərqi Aralıq dənizində daha parçalanmış və rəqabətli mühit formalaşdırır.
Ekspert qeyd edir ki, Fransa ilə Kipr arasındakı münasibətlər daha çox təhlükəsizlik ritorikası üzərində qurulub. Onun fikrincə, “strateji tərəfdaşlıq” və “regional sabitlik” kimi ifadələr tez-tez səslənsə də, bunlar sahədə real təsiri məhdud olan diplomatik çərçivədən kənara çıxmır.
Okumuş vurğulayıb ki, silah satışı, hərbi hazırlıq və birgə təlimlər Fransanın bölgədə mövcudluğunu göstərmək üçün istifadə etdiyi əsas alətlərdir. Lakin bu addımlar Kiprin təhlükəsizliyini gücləndirməkdən çox, Fransanın Şərqi Aralıq dənizində nüfuzunu artırmaq məqsədi daşıyır. Bu yanaşma isə problemlərin həllinə deyil, mövcud gərginliyin qorunub saxlanmasına xidmət edir.
Ekspert əlavə edib ki, Emmanuel Makron dövründə Fransanın xarici siyasət dili daha sərt və iddialı olsa da, bu ritorika çox zaman real nəticələrlə müşayiət olunmur. Onun sözlərinə görə, Avropa mərkəzli güc iddiası kifayət qədər praktik imkanlarla dəstəklənmədikdə təsirini itirir.
Açıqlamada həmçinin Türkiyənin bölgədə artan roluna diqqət çəkilib. Bildirilib ki, Türkiyə hərbi potensialı, müdafiə sənayesində yerli istehsal imkanları və texnoloji inkişafı ilə Şərqi Aralıq dənizində balansı formalaşdıran əsas aktorlardan biri kimi ön plana çıxır.
Sonda qeyd olunub ki, NATO daxilində hərbi struktur mövcudluğunu qorusa da, siyasi uyğunluğun zəifləməsi Şərqi Aralıq dənizini daha qeyri-müəyyən və rəqabətli güc məkanına çevirir.









