ŞƏT Azərbaycan üçün nə vəd edir…
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri son illərdə yeni mərhələyə qədəm qoyub. Xüsusilə Mərkəzi Asiya ilə əlaqələrin sürətlə genişlənməsi fonunda Bakı ilə ŞƏT arasındakı əməkdaşlıq həm siyasi və təhlükəsizlik, həm də iqtisadi, enerji və nəqliyyat-logistika istiqamətlərində aktuallaşır. Azərbaycanın təşkilatda “dialoq üzrə tərəfdaş” statusuna malik olması və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılan addımlar ölkənin ŞƏT məkanında rolunun artdığını göstərir.
ERAmedia xəbər verir ki, mövzu ilə bağlı Strateji Araşdırmalar Mərkəzinin sabiq direktoru Fərhad Məmmədov Modern.az-a açıqlama verib:
“Şanxay Əməkdaşlıq Təşkilatı əsasən Mərkəzi Asiya ölkələrini, Rusiya və Çini birləşdirən təşkilat idi və bu təşkilatın məramı siyasi və təhlükəsizlik mövzularının müzakirəsi idi. Bu illər ərzində təşkilat genişləndi və yenə də siyasi və təhlükəsizlik mövzuları əsas istiqamətlər olaraq qaldı.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın xarici siyasət prioritetlərindən biri və hal-hazırda ən çox inkişaf edən istiqamət Mərkəzi Asiyadır. Əgər Azərbaycan Mərkəzi Asiyada beşliyə, yəni altılığa qoşulursa, Şanxay Əməkdaşlıq Təşkilatı ilə də münasibətlərin qurulması məntiqlidir. Hal-hazırda Şanxay Əməkdaşlıq Təşkilatında siyasi və təhlükəsizlik mövzuları ilə yanaşı, iqtisadi istiqamət də aktuallaşıb. Burada həm investisiyalar, yəni sərmayələr, eyni zamanda strateji əhəmiyyətli enerji və logistik xətlərin mövzuları müzakirə edilməkdədir.
Ona görə bütün bunları nəzərə alaraq, əlbəttə, bu təşkilat Azərbaycan üçün hal-hazırda və yaxın gələcək perspektivlərdə maraqlı olan təşkilatdır”.









