media-sevinc-631x420

Rəqəmsallaşma qarşımıza dövlətin təxirəsalınmaz reaksiya verməli olduğu yeni çağırışlar çıxarır. Bu baxımdan, Milli Məclisdə uşaqların internetdə hüquqlarının müdafiəsinə dair qanun layihəsinin gözlənilən müzakirəsi cəmiyyətin sifarişinə birbaşa cavabdır. Bu dəyişikliklərin əsas məqsədi effektiv yaş verifikasiyası (təsdiqlənməsi) mexanizmlərini tətbiq etmək və valideynlərə uşaqların virtual məkanda təhlükəsizliyini qorumaq üçün etibarlı alətlər verməkdir. İlk baxışdan dəyişikliklər sırf texniki xarakterli görünə bilər. Lakin reallıqda qanun layihəsi təhlükəsizliyin fundamental məsələlərini, texnoloji platformaların məsuliyyətini və milli hüquq sisteminin rəqəmsal dövrün reallıqlarına adaptasiyasını ifadə edir.

ERAmedia xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, bu gün sosial şəbəkələr, sadəcə, ünsiyyət vasitəsi olmaqdan çıxaraq, böyüməkdə olan nəslin şəxsiyyətinin, dəyərlərinin və davranış modellərinin formalaşmasında əsas amillərdən birinə çevrilib. Lakin virtual mühit yaratdığı imkanlarla yanaşı, yeni təhlükələri də bərabərində gətirib: kiberbullinq, internet dələduzluğu, destruktiv kontentin yayılması və fərdi məlumatların nəzarətsiz toplanması. Böyüklərdən fərqli olaraq, uşaq çox vaxt bu riskləri vaxtında müəyyən edə bilmir, ona görə də onun şəbəkədəki təhlükəsizliyinin təmin edilməsi ailədaxili məsələ olmaqdan çıxıb dövlət siyasəti müstəvisinə keçir.

Milli Məclisin deputatının sözlərinə görə, qanun layihəsinin əsas üstünlüklərindən biri media platformalarında qeydiyyat zamanı yaşa nəzarət mexanizmlərinin tətbiqidir. Bu, auditoriyanın yetkinlik səviyyəsini nəzərə alaraq zəruri maneə yaradacaq və uşaqların onların psixoloji və mənəvi inkişafına zərər vura biləcək kontentə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. Valideynlərin rolunun gücləndirilməsi də az əhəmiyyət kəsb etmir. Müasir texnologiyalar ənənəvi ailə tərbiyəsi metodlarından daha sürətlə inkişaf edir. Layihə qanuni nümayəndələrə effektiv monitorinq alətləri təqdim etməklə zəruri balansı bərpa etməyə yönəlib. Bu yanaşma uşağın hüquqlarını məhdudlaşdırmır, əksinə, ailənin məsuliyyətli iştirakı vasitəsilə onu qoruyur. Məlumatların məxfiliyi məsələsi xüsusi diqqətəlayiqdir. Yeniyetmələr doğura biləcəyi fəsadları dərk etmədən tez-tez özləri barədə şəxsi məlumatları paylaşırlar. IT şirkətlərinə uşaqların məlumatlarının işlənməsi ilə bağlı ciddi tələblərin qoyulması onların rəqəmsal hüquqlarının gücləndirilməsi üçün kritikəhəmiyyətli addımdır.

Sevinc Fətəliyevanın fikrincə, təşəbbüsün prinsipial tərəfi məhz rəqəmsal platformaların məsuliyyətinin artırılmasıdır. Uzun müddət risklərin süzgəcdən keçirilməsi üzrə əsas yük istifadəçilərin üzərinə düşürdü. Halbuki, iri texnologiya korporasiyaları yaşın verifikasiyası və kontentin moderasiyası üçün bütün texniki imkanlara malikdirlər. Yeni normalar bu məsuliyyəti daha ədalətli bölüşdürmək məqsədi daşıyır.

Deputat xüsusilə qeyd edib ki, müzakirə olunan dəyişikliklərin söz azadlığının və ya informasiyaya çıxışın məhdudlaşdırılması ilə heç bir əlaqəsi yoxdur. Söhbət vətəndaşların sağlamlığı və inkişafından getdikdə, dövlət kinematoqrafiyadan tutmuş ticarətə qədər bir çox sahədə yaş məhdudiyyətləri müəyyən edir. Virtual məkan uşaqlara ənənəvi institutlardan az təsir göstərmir, deməli, adekvat hüquqi tənzimləmə tələb edir. Qanun layihəsi uşaqları texnologiyalardan təcrid etmir, onun məqsədi uşaqların maraqlarının etibarlı şəkildə qorunacağı təhlükəsiz ekosistem yaratmaqdır.

“Sürətli rəqəmsallaşma şəraitində bu cür təşəbbüslər obyektiv zərurətə çevrilir. Müasir dövlət təkcə texnoloji tərəqqini stimullaşdırmamalı, həm də ən həssas vətəndaş kateqoriyalarının təhlükəsizliyinə zəmanət verməlidir. Müzakirə olunan qanun layihəsi ailə institutunun möhkəmləndirilməsinə və gələcək nəslin qorunmasına yönəlmiş vaxtında atılmış və düşünülmüş bir addımdır. Bir sözlə, söhbət qadağalardan deyil, uşağın rəqəmsal dünyanın üstünlüklərindən öz sağlamlığına, psixikasına və hərtərəfli inkişafına təhlükə yaratmadan istifadə edə biləcəyi şəraitin yaradılmasından gedir. Məhz bu yanaşma Azərbaycan cəmiyyətinin uzunmüddətli maraqlarına cavab verir”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.


media-adspc

Bənzər xəbərlər