Sindromlu xəstələr üçün ümidverici nəticə: Yoqa simptomları azalda bilər
Müntəzəm yoqa məşqləri qıcıqlanmış bağırsaq sindromunun (QBS) simptomlarını yüngülləşdirməyə kömək edə bilər.
ERAmedia xəbər verir ki, bu nəticə “Comprehensive Physiology” jurnalında dərc olunmuş elmi araşdırmaların icmalında öz əksini tapıb.
Təhlillər göstərib ki, QBS-dən əziyyət çəkən və müntəzəm yoqa ilə məşğul olan insanlar qarın ağrısı, köp və digər xoşagəlməz əlamətləri daha az hiss edirlər. Bundan əlavə, bu şəxslərdə xəstəliyi tez-tez müşayiət edən narahatlıq və depressiya səviyyəsinin də azaldığı müəyyən edilib.
Alimlərin fikrincə, müsbət təsir “bağırsaq–beyin oxu” adlanan sistemlə əlaqədardır. Bu sistem həzm və sinir sistemləri arasında fasiləsiz siqnal mübadiləsini təmin edir. Məhz buna görə də stress qarında narahatlıq yarada və ya QBS simptomlarını gücləndirə bilir. Bu xəstəlikdən əziyyət çəkən insanlarda həmin əlaqənin daha həssas olduğu bildirilir.
Yoqa fiziki hərəkətləri, tənəffüs məşqlərini və zehinlilik texnikalarını birləşdirir. Bu yanaşma orqanizmin “istirahət et və həzm et” rejiminə cavabdeh olan parasimpatik sinir sistemini aktivləşdirir. Nəticədə stress azalır və həzm sisteminin fəaliyyəti daha sabit ola bilər.
Tədqiqatçılar hesab edirlər ki, bəzi yoqa pozaları əlavə fayda da verə bilər. Məsələn, irəli əyilmələr sinir sistemini rahatlaşdırmağa kömək edir, bədənin burulma hərəkətləri isə qarın əzələlərinə yumşaq təsir göstərərək həzm orqanlarının fəaliyyətini stimullaşdıra bilər. Dərin nəfəsalma diafraqmanı aktivləşdirərək qarın boşluğunda təzyiq dəyişiklikləri yaradır və bu da həzm prosesini dəstəkləyə bilər.
Araşdırma müəllifləri vurğulayırlar ki, hansı yoqa növlərinin daha effektiv olduğunu və davamlı nəticə əldə etmək üçün nə qədər müddət məşq edilməsinin lazım gəldiyini müəyyənləşdirmək məqsədilə əlavə tədqiqatlara ehtiyac var. Bununla belə, mövcud nəticələr yoqanın qıcıqlanmış bağırsaq sindromunun ənənəvi müalicəsinə faydalı əlavə ola biləcəyini göstərir.









