media-1792605885629153639_1200x630

Yeni Azərbaycan Partiyasının (YAP) Şirvan şəhər təşkilatının və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, “Tərəqqi” medallı, tanınmış həkim, yazıçı və ictimai xadim Zərifə Quliyevanın müəllifi olduğu kitabların təqdimat mərasimi keçirilib.

ERAmedia xəbər verir ki, YAP Şirvan şəhər təşkilatının inzibati binasında təşkil olunan tədbirdə şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və müəllifin qonaqları iştirak ediblər.

Tədbirdən əvvəl Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və Zərifə Quliyeva Ümummilli Lider Heydər Əliyevin təşkilatın inzibati binasındakı büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Təqdimat mərasimini giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Zərifə Quliyevanın çoxşaxəli fəaliyyətindən, həkim, yazıçı və ictimai xadim kimi xidmətlərindən danışıb. O, müəllifin yaradıcılığında milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və vətənpərvərlik ideyalarının mühüm yer tutduğunu vurğulayıb. Zahir Qəhrəmanov “Qəhrəmanlıq zirvəsi” və “Xariqələr yaradan qətiyyətli Lider” kitablarının əhəmiyyətinə toxunaraq əsərlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin, Azərbaycan xalqının qəhrəmanlığının və dövlətimizin qüdrətinin əks olunduğunu diqqətə çatdırıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında Zərifə Quliyevanın ədəbi və ictimai fəaliyyətini yüksək qiymətləndirib. Müəllifin əsərlərində tarixi hadisələrin faktlara əsaslanaraq işıqlandırıldığını, milli yaddaşın qorunmasına və gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət yetirildiyini bildirib. İlqar Abbasov “Heydər Əliyev irsi”, “Zəfər tariximizin fatehləri”, “Xariqələr yaradan qətiyyətli Lider”, “Qəhrəmanlıq zirvəsi” və “Diplomatiyamızın ağsaqqalı” kitablarının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verdiyini vurğulayaraq müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimi Elçin Məlikov, dil və ədəbiyyat müəllimi İbrahim Qurbanov, yazıçı və milli mətbuat fəalı Həmidə Hüseynova, “Şirvan” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, Şirvan şəhər Arxiv İdarəsinin müdiri Nəsibə Məmmədova, şəhid atası Alim Zülfüqarov və müəllifin tələbə yoldaşı, həkim Marif Abdullayev çıxış ediblər. Həmçinin Bakıdan gələn nümayəndə heyətinin üzvləri – redaktor Əliqismət Bədəlov, Bakı Dövlət Universitetinin müəllimi, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin hüquqşünası Tamela Çələbi və birliyin mədəni-maarif şöbəsinin müdiri Dilşad Əliyeva müəllifin yaradıcılığı və ictimai fəaliyyəti barədə fikirlərini bölüşüblər.

Çıxış edənlər Zərifə Quliyevanın xeyriyyəçilik təşəbbüslərindən, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, müəllifin əsərlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparan qəhrəmanların şücaəti, şəhidlərin əziz xatirəsi və xalqımızın Zəfər salnaməsi mühüm yer tutur.

Dil və ədəbiyyat müəllimi İbrahim Qurbanov Zərifə Quliyevaya həsr etdiyi şeiri səsləndirib. Yazıçı Həmidə Hüseynova isə Şirvan şəhidlərindən bəhs edən kitabını müəllifə xatirə olaraq təqdim edib.

Tədbirdə çıxış edən Zərifə Quliyeva Şirvan şəhərinin həyatında xüsusi yer tutduğunu bildirib. Uşaqlıq və gənclik illərinin bir hissəsinin burada keçdiyini, şəhərin 10 nömrəli tam orta məktəbində təhsil aldığını xatırladan müəllif Şirvanla bağlı xatirələrini iştirakçılarla bölüşüb.

“Şirvan mənim üçün doğma və xatirələrlə zəngin bir şəhərdir”, – deyən Zərifə Quliyeva doğma bildiyi şəhərdə kitablarının təqdimatının keçirilməsindən məmnunluğunu ifadə edib.

Müəllif çıxışında şəhid ailələrinə və qazilərə xüsusi ehtiramını bildirib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparan qəhrəmanların xatirəsinin yaşadılmasının mənəvi borc olduğunu vurğulayıb.

Zərifə Quliyeva Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsindən, milli tariximizin öyrənilməsinin əhəmiyyətindən danışaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində açdığı yeni mərhələyə diqqət çəkib.

Zərifə Quliyeva kitablarının təqdimatının yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və səmimi münasibətə görə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasova, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanova və tədbirin bütün iştirakçılarına minnətdarlığını bildirib.

media-17926058853627325522_1200x630


media-adspc

Bənzər xəbərlər