Şirvanşah Fərrux Yasarın dəbilqəsi Nyu-Yorka necə aparılıb? – Tarixi FAKTLAR
Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyində Şirvanşahlar dövlətinin hökmdarı Fərrux Yasara aid olduğu bildirilən nadir dəbilqə sərgilənir.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında dəbilqənin tarixi və onun Azərbaycandan kənara çıxarılması ilə bağlı maraqlı faktları açıqlayıb.
Alimin sözlərinə görə, poladdan hazırlanmış dəbilqə üzərində incə naxışlar, gümüş və qızıl işləmələr, ərəb qrafikası ilə yazılar yer alır. Dəbilqənin aşağı hissəsinə döyüşçünün boyun və üz nahiyəsini qorumaq üçün zirehli şəbəkə bərkidilib. Üzərində Şirvan hökmdarı Fərrux Yasarın adı qeyd olunan bu nümunə Şirvan metal işləmə sənətinin mühüm örnəklərindən biri hesab olunur.
Zaur Əliyev bildirib ki, dəbilqənin taleyi Osmanlı-Səfəvi müharibələri dövründə baş verən hadisələrlə əlaqələndirilir:
“Osmanlı-Səfəvi savaşları, xüsusilə Sultan Süleymanın hakimiyyəti dövründə də davam edib. Bu müharibələr zamanı Şirvan və Şamaxı ərazilərində də talanlar baş verib. Fərrux Yasara aid olduğu bildirilən bu dəbilqənin də digər qiymətli əşyalarla birlikdə İstanbula aparıldığı ehtimal olunur”.
Onun sözlərinə görə, dəbilqə daha sonra Osmanlı hərbi arsenalının kolleksiyasına daxil edilib. Eksponatın üzərində bu gün də Osmanlı hərbi arsenalına aid olduğunu göstərən rəsmi möhürün qalması onun müəyyən dövr İstanbulda saxlanıldığını təsdiqləyən mühüm faktlardan biridir.
Tarixçi alim qeyd edib ki, XIX əsrdə Osmanlı imperiyasının zəifləməsi və Avropada qədim Şərq silahlarına marağın artması nəticəsində İstanbulda yerləşən bəzi hərbi arsenallardan müxtəlif eksponatlar Avropaya çıxarılıb:
“Bu dövrdə hərbi arsenal və kolleksiyalardakı əşyaların bir qismi hədiyyə, satış və digər yollarla xarici kolleksiyaçılara keçirdi. Fərrux Yasarın dəbilqəsi də sonradan Vyanada yaşayan məşhur Rotşild ailəsinin kolleksiyasına daxil olub”.
Məlumata görə, dəbilqə 1938-ci ildə Vyanada baron Alfons Mayer Rotşildin kolleksiyasından nasist Almaniyası tərəfindən müsadirə edilib. İkinci Dünya müharibəsindən sonra isə eksponat 1949-cu ildə Avstriya hökuməti tərəfindən Rotşild ailəsinin varislərinə qaytarılıb.
Zaur Əliyevin sözlərinə görə, dəbilqə daha sonra satışa çıxarılıb və 1950-ci ildə Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyi tərəfindən satın alınıb. Hazırda muzeyin kolleksiyasında 50.87 qeydiyyat nömrəsi ilə saxlanılan dəbilqə ziyarətçilərə nümayiş etdirilir.
Tarixçi alim hesab edir ki, bu məsələ Azərbaycan tarix-mədəniyyət irsinin xarici ölkələrdəki taleyi baxımından xüsusi əhəmiyyət daşıyır:
“Fərrux Yasar Azərbaycan dövlətçilik tarixinin tanınmış hökmdarlarından biridir. Onun adına aid edilən bu dəbilqə də Azərbaycan tarixinin və maddi-mədəni irsinin qiymətli nümunəsidir. Bu gün dünyanın müxtəlif muzeylərində Azərbaycan tarixinə və mədəniyyətinə aid çoxsaylı maddi irs nümunələri nümayiş etdirilir. Təəssüf ki, orta əsrlərdə müharibələr zamanı əldə edilmiş qənimətlərin geri qaytarılması ilə bağlı beynəlxalq hüquqda bütün halları əhatə edən məcburi mexanizm mövcud deyil”.
Zaur Əliyev vurğulayıb ki, bu cür tarixi nümunələrin mənşəyi, onların hansı şəraitdə bir ölkədən digərinə keçməsi və müasir muzey kolleksiyalarına necə daxil olması ayrıca elmi araşdırma tələb edir.










