Sivasda mixi yazılı lövhələr aşkarlanıb
Türkiyənin Sivas vilayətinin Kayalıpınar rayonunda Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkar olunub.
ERAmedia xəbər verir ki, arxeoloji tapıntı barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.
Nazirin sözlərinə görə, eramızdan əvvəl təxminən 1460-1440-cı illərdə hakimiyyətdə olmuş II Tudhaliya dövrünə aid 131 mixi yazılı lövhə aşkarlanıb. Son iki il ərzində Anadolunun bu hissəsində aşkar edilən tapıntıların ümumi sayı 184-ə çatıb.
“Bu artefaktlar 3400 ildən çox əvvəl Anadoluda baş verən hadisələrdən bəhs edir. Lövhələrdə dövlət idarəçiliyindən hərbi işlərə, epidemiyalara qarşı mübarizədən falçılığa qədər bir çox məsələlər barədə məlumatlar əks olunub”, – deyə M.N.Ersoy bildirib. O, qədim Aşşur və Het mənbələrində Samuha adı ilə xatırlanan Kayalıpınardakı qədim yaşayış məskəninin ərazisində aparılan qazıntıların əhəmiyyətini vurğulayıb.









