media-493272403_1077582814389878_1614804190353870286_n

Türkmənistan Xarici İşlər Nazirliyinin Xəzər dənizində gəmilərə qarşı hücumların yolverilməzliyi ilə bağlı yaydığı bəyanat bölgədə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, rəsmi Aşqabadın Xəzərin sülh və mehriban qonşuluq dənizi olması ilə bağlı mövqeyi prinsip etibarilə doğru olsa da, mövcud geosiyasi reallıq fərqli mənzərə ortaya qoyur.

Onun sözlərinə görə, Xəzərə sahili olan Azərbaycan, Qazaxıstan və Türkmənistanın istəyindən asılı olmayaraq, Rusiya-Ukrayna və ABŞ-İran qarşıdurmaları davam etdikcə Xəzər hövzəsini müharibə zonasından kənar hesab etmək mümkün deyil.

Siyasi şərhçi bildirib ki, Xəzəryanı dövlətlərin illər əvvəl əldə etdikləri razılaşmalara baxmayaraq, Rusiya Xəzər dənizindən hərbi məqsədlər üçün istifadə edib. O qeyd edib ki, Moskva bu hövzədən raket zərbələri endirib, eyni zamanda İrana hərbi yüklər daşıyıb.

Elxan Şahinoğlunun fikrincə, İran da öz növbəsində Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə istifadə etdiyi pilotsuz uçuş aparatlarını Xəzər dənizi vasitəsilə çatdırıb. O hesab edir ki, bu addımlar Xəzərin yalnız iqtisadi və nəqliyyat əhəmiyyətli hövzə deyil, həm də regional münaqişələrin təsirinə məruz qalan strateji məkana çevrildiyini göstərir.

Siyasi şərhçi vurğulayıb ki, mövcud şəraitdə Xəzərin tamamilə sülh və təhlükəsizlik məkanı kimi qalması ilə bağlı bəyanatlar praktik reallığı əks etdirmir və bölgədə davam edən müharibələr dəniz hövzəsinin təhlükəsizlik mühitinə birbaşa təsir göstərməkdə davam edir.


media-adspc

Bənzər xəbərlər