Şöhrətdən uzaq düşən müğənninin həyat hekayəsi
Tanınmış Azərbaycan müğənnisi, Əməkdar artist Səbinə İlyasovanın doğum günüdür.
ERAmedia xəbər verir ki, 1959-cu il oktyabrın 12-də Siyəzəndə ziyalı ailəsində dünyaya gələn sənətçinin həyat yolu ailəsinin etirazlarından başlayaraq böyük səhnələrə, beynəlxalq konsertlərdən isə sənətdən uzaqlaşmağa qədər uzanır.
Səbinə İlyasovanın musiqi sənətinə gəlişi heç də asan olmayıb. Atası və qardaşı onun müğənni olmasına qarşı çıxsa da, anası qızının istəyini dəstəkləyib. Qardaşının xaricdə təhsil almağa getməsindən sonra anası həyat yoldaşını razı salmağa nail olub və Səbinə xanım sənət yolunda ilk addımlarını atıb.
1979-cu ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin muğam sinfinə daxil olan ifaçı peşəkar musiqi təhsili alıb. Onun yaradıcılıq fəaliyyətində mühüm mərhələlərdən biri 1982–1989-cu illərdə görkəmli sənətkar Rəşid Behbudovun dəvəti ilə Azərbaycan Dövlət Mahnı Teatrında çalışması olub.
Məhz burada gələcək həyat yoldaşı Oqtay bəylə tanış olan müğənni sonradan ailə qurub. Bu evlilikdən onların bir oğlu dünyaya gəlib.
Səbinə İlyasova 1980–1991-ci illərdə Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan ulduzu” instrumental ansamblında da fəaliyyət göstərib. Ansambldakı fəaliyyəti onun ifa tərzinə və səhnə obrazına təsirsiz ötüşməyib. Sonrakı illərdə toylara dəvət alan sənətçi tədricən muğam ifaçılığından uzaqlaşıb.
Azərbaycan musiqisini ölkə hüdudlarından kənarda da tanıdan Səbinə İlyasova Almaniya, Türkiyə, Rumıniya, Belçika, Hollandiya, Rusiya, İsveç və digər ölkələrdə çıxış edərək milli musiqimizi xarici auditoriyalara təqdim edib.
2005-ci ilə qədər televiziya və radio efirlərində mütəmadi görünən müğənninin həyatında 2006-cı il ağır itkilərlə yadda qalıb. Həmin il atasını, anasını və qardaşını itirən sənətçi yaşadığı sarsıntılardan sonra musiqidən uzaqlaşıb.
Səbinə İlyasova atasının vəfatı ilə bağlı yaşadığı ağrını xatırlayarkən onun son aylarında yanında olduğunu bildirib. Müğənni bu barədə deyib: “Atam xərçəng xəstəsi idi, altı ay ona qulluq etdim, amma əziyyətlərim bəhrəsini vermədi, o, vəfat etdi. Həmin dövrdə çox pis günlər yaşadım, sənətdən uzaqlaşdım. Atamın arzusu ilə onu Beşbarmaq dağının ətəyində dəfn etmişik”.
Hazırda xarici ölkədə yaşayan Səbinə İlyasova 2012-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. Bir vaxtlar səhnələrdə Azərbaycan musiqisini uğurla təmsil edən sənətçinin həyat hekayəsi ailə dəstəyi, yaradıcılıq uğurları və şəxsi itkilərin insan taleyinə təsirini əks etdirir.
Mələk Onur









