SON DƏQİQƏ: İranla ABŞ arasında kritik görüş BAŞLADI
İsrail və ABŞ-ın 2025-ci ilin iyununda həyata keçirdiyi hücumlardan sonra dayandırılan İran–ABŞ danışıqları Omanın paytaxtı Maskatda yenidən başlayıb.
ERAmedia xəbər verir ki, danışıqlar Tehranla Vaşinqton arasında yeni gərginlik mərhələsi və ABŞ-ın regionda hərbi mövcudluğunu artırdığı bir dövrdə keçirilir.
Omanın vasitəçiliyi ilə baş tutan görüşlər bu ölkənin xarici işlər naziri Bədr bin Həməd əl-Busaidinin himayəsi altında Maskatda təşkil olunub.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir. ABŞ tərəfini isə Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff təmsil edir.
Danışıqlarda İran tərəfdən həmçinin xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Ravançi, iqtisadi məsələlər üzrə müavin Həmid Kənbəri və XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqayi iştirak edir.
ABŞ nümayəndə heyətində Uitkoffdan başqa prezidentin müşaviri və onun kürəkəni Cared Kuşner də yer alır.
İranın nüvə proqramı üzrə danışıqlar 12 günlük müharibədən sonra bərpa edilib. İsrail və ABŞ-ın 2025-ci ilin iyununda İrana endirdiyi zərbələr səbəbindən dayandırılan diplomatik proses regional ölkələrin, xüsusilə də Türkiyənin fəal səyləri nəticəsində yenidən canlandırılıb.
Yenilənmiş danışıqlarda əsas fikir ayrılıqları uranın zənginləşdirilməsi və yüksək zənginləşdirilmiş uran ehtiyatlarının İrandan çıxarılması məsələləri ətrafında cəmlənir. Tehran sanksiyaların ləğvi qarşılığında nüvə proqramını atom silahının yaradılmasını istisna edən məhdudiyyətlər çərçivəsində saxlamaqda israrlıdır. Vaşinqton isə İranın uranı tam şəkildə zənginləşdirmədən imtina etməsini və yüksək zənginləşdirilmiş uran ehtiyatlarını ölkə xaricinə çıxarmasını tələb edir.
ABŞ administrasiyası eyni zamanda danışıqların gündəliyinə İranın raket proqramı və regiondakı silahlı qruplara dəstəyi məsələlərinin də daxil edilməsinə çalışır. İran isə dəfələrlə bildirib ki, nüvə proqramından kənar məsələləri müzakirə etməyə hazır deyil.









