media-1783249350_1783249253723

Mətbuat Şurasının sədri Rəşad Məcid kitab oxumaq vərdişinin sosial şəbəkələrin təsiri ilə zəifləməsinin cəmiyyət üçün ciddi narahatlıq doğurduğunu bildirib.

ERAmedia xəbər verir ki, Rəşad Məcid sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında yayılan məzmunun insanların mütaliə vərdişinə və düşüncə tərzinə mənfi təsir göstərdiyini deyib.

Rəşad Məcid bildirib ki, bu problemin real həyatda da acı nəticələri müşahidə olunur. Onun sözlərinə görə, 85 yaşlı anası uzun müddət hər ay orta hesabla üç kitab oxusa da, telefonuna TikTok tətbiqi yükləndikdən sonra bu göstərici xeyli azalıb və hazırda üç aya cəmi bir kitab oxuyur.

Mətbuat Şurasının sədri qeyd edib ki, evdə tez-tez TikTok videolarının səsləri eşidilir və həmin videolarda səsləndirilən fikirlər yaşlı nəslə təsir göstərir. O bildirib ki, anasına bu məlumatların çoxunun yanlış və saxta olduğunu izah etməyə çalışsa da, sosial şəbəkələrdə təqdim olunan məzmunun təsiri hiss olunur.

Rəşad Məcid vurğulayıb ki, özü də platformadakı videoların bir qismini izləyib və orada əsasən primitiv məlumatlar, bayağı zarafatlar və səthi məzmunlarla qarşılaşıb.

O, Türkiyəli jurnalist Yılmaz Özdilin sosial mediada saatlarla vaxt keçirməyi “beyin çürüməsi” kimi xarakterizə etdiyini xatırladaraq bildirib ki, qısa videolar insanın vaxtını fərq etmədən alır, lakin nə düşündürür, nə də yadda qalacaq dəyərli bilik qazandırır.

Mətbuat Şurasının sədri hesab edir ki, diqqəti cəmi bir neçə saniyəlik cəlb etmək üçün hazırlanan məzmunlar kitab oxumaq və mütaliə vərdişini zəiflədir, insanların düşünmə qabiliyyətinə mənfi təsir göstərir.

Rəşad Məcid bildirib ki, cəmiyyət bu tendensiya ilə barışmamalı, kitabın, qəzetin və mütaliə mədəniyyətinin ani həzz yaradan videolar qarşısında geri çəkilməsinə laqeyd qalmamalıdır. O vurğulayıb ki, seçim azadlığının alqoritmlərin təsiri altına düşməsinin qarşısını almaq və bu informasiya xaosuna qarşı mübarizə yollarını axtarmaq hələ də mümkündür.


media-adspc

Bənzər xəbərlər