“Sosial media” dərs vəsaiti işıq üzü görüb
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının nəşri olan, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimovanın müəllifi olduğu “Sosial media” dərs vəsaiti çapdan çıxıb.
ERAmedia xəbər verir ki, BDU Nəşr Evində işıq üzü görən kitab sosial medianın yaranma tarixini, inkişaf mərhələlərini və müasir cəmiyyətə təsirini elmi əsaslarla araşdırır.
Nəşrdə internetin inkişaf dinamikası, ənənəvi mediadan yeni mediaya keçid prosesi, qlobal kommunikasiya sistemində baş verən dəyişikliklər, sosial medianın informasiya axınına təsiri, eləcə də rəqəmsal platformaların yaratdığı imkanlar və risklər geniş şəkildə təhlil edilir.
Müəllif rəqəmsal transformasiyanı yalnız texniki yenilik kimi deyil, cəmiyyətin kommunikasiya modelini dəyişdirən fundamental proses kimi qiymətləndirir. Bu kontekstdə internetin inkişafı ilə informasiya mühitində baş verən dəyişikliklər, yeni medianın formalaşması və onun insanların kommunikasiya vərdişlərinə təsiri izah edilir. Qeyd olunur ki, rəqəmsal platformalar coğrafi sərhədləri aradan qaldırır, insanlar arasında ünsiyyəti sürətləndirir, eyni zamanda informasiya təhlükəsizliyi və dezinformasiya ilə bağlı yeni çağırışlar yaradır.
Nəşrin əsas bölmələrində sosial medianın nəzəri əsasları, platformaların xüsusiyyətləri, məzmun paylaşımı (content sharing), auditoriya ilə əlaqələrin optimallaşdırılması və ictimaiyyətlə əlaqələr (PR) sahəsində sosial medianın tətbiqi məsələləri araşdırılır. Kitabda sosial medianın biznes, kommunikasiya və informasiya siyasətindəki rolu da elmi yanaşma əsasında təhlil olunur.
Müəllif sosial medianın yaratdığı aktual problemlərə də toxunur. Nəşrdə kiberzorakılıq, nifrət nitqi, virtual kimlik, dezinformasiya, saxta xəbərlər və sosial media asılılığı kimi mövzular geniş şəkildə araşdırılır. Bununla yanaşı, media savadlılığının artırılması və istifadəçilərin rəqəmsal təhlükələr barədə maarifləndirilməsinin vacibliyi vurğulanır.
Bu məsələlərin jurnalistika ilə yanaşı, informasiya təhlükəsizliyi, media etikası və rəqəmsal cəmiyyətin inkişafı baxımından da aktual olduğu qeyd edilir. Kitabın diqqətçəkən istiqamətlərindən biri də süni intellekt texnologiyaları ilə sosial media arasındakı qarşılıqlı əlaqənin təhlilidir. Bu baxımdan nəşr media və süni intellekt münasibətlərinin öyrənilməsi üçün də mənbə rolunu oynayır.
Nəşr jurnalistika, kommunikasiya və media sahəsində təhsil alan tələbələr, tədqiqatçılar, media mütəxəssisləri və bu sahə ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Sosial media” dərs vəsaitinin məsləhətçisi filologiya elmləri doktoru, professor Vüqar Əliyevdir. Nəşrin elmi redaktorları siyasi elmlər doktoru, professor Sabir Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, professor Həmid Vəliyevdir. Kitabın rəyçiləri isə filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəsirova, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa İsgəndərova və filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Niftəliyevadır.
Kitabın hazırlanmasında filologiya üzrə fəlsəfə doktoru Şəhla Tahirqızı və siyasi elmlər üzrə fəlsəfə doktoru Qoşqar Bəylərovun mühüm əməyi olub.
Nəşrin redaktorları jurnalistika fakültəsinin məzunları – tədqiqatçı-jurnalist Şəhanə Paşazadə və sosial media eksperti Nicat Abdullayevdir. Şəhanə Paşazadə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında magistr təhsili aldığı dövrdə sosial media ilə bağlı praktiki nümunələrin toplanması, sistemləşdirilməsi və nəşrin hazırlanması prosesində yaxından iştirak edib.










