Sosial şəbəkələrdə daha fəal olmaq üçün nə dəyişilməlidir? - Ramil Orucov yazır...

Son vaxtlar bir məsələ diqqətimi çəkir və düşünürəm ki, bunun haqqında bir az düşünmək və araşdırmaq lazımdır.
Bu gün demək olar ki, bütün böyük təşkilatların, müxtəlif qurum və təşkilatların sosial şəbəkələrdə, xüsusilə Facebook-da səhifələri var. Rəhbər şəxslər və kollektivlər gördükləri işlər, keçirdikləri tədbirlər və həyata keçirdikləri layihələr haqqında mütəmadi olaraq paylaşım edirlər.
Amma bəzən minlərlə, hətta on minlərlə əməkdaşı olan böyük bir təşkilatın rəhbərinin və ya həmin təşkilatın paylaşımına gözlənildiyi qədər reaksiya olmur. Bəzən yüzlərlə, yaxşı halda bir neçə min insan münasibət bildirir.
Məncə, burada əsas məsələ sadəcə “niyə bu paylaşımın az like-ı var?” deyil. Əsas sual budur: böyük təşkilatların malik olduğu bu qədər insan resursu niyə sosial şəbəkələrdə özünü daha çox göstərmir? Məsələn, təşkilatda çalışan gənc bir əməkdaş müğənninin, aktyorun və ya aktrisanın paylaşımına çox fəal reaksiya verir. Amma həmin əməkdaşın çalışdığı təşkilatın rəhbəri mühüm bir məsələ haqqında paylaşım edəndə və ya kollektiv hər hansı tədbir keçirəndə eyni fəallığı çox vaxt görmürük.
Bunun səbəbi nədir? Ola bilər ki, əməkdaş öz təşkilatının gördüyü işlər haqqında kifayət qədər məlumatlı deyil. Ola bilər ki, təqdim olunan məlumatın forması maraq yaratmır. Bəlkə də görülən işləri sosial şəbəkələrdə daha canlı və maraqlı şəkildə təqdim etmək lazımdır.
Burada heç kimi qınamaq və ya kimisə məcbur etməkdən söhbət getmir. Əsas odur ki, insan öz təşkilatının gördüyü işi bilsin, həmin işə maraq göstərsin və özünü bu fəaliyyətin bir hissəsi kimi hiss etsin. O zaman sosial şəbəkədə də könüllü olaraq münasibət bildirmək və paylaşmaq daha təbii olacaq.
Böyük təşkilatların çox ciddi insan resursu var. Təşkilatlarda çalışan əməkdaşların öz sosial çevrəsi, dostları, tanışları və izləyiciləri var. Bu imkan düzgün istifadə olunarsa, təşkilatların gördüyü işlər daha geniş auditoriyaya çata bilər.
Məncə, müxtəlif təşkilatların sosial şəbəkə fəaliyyətini müqayisəli şəkildə araşdırmaq da maraqlı nəticələr verə bilər. Hansı mövzular daha çox maraq yaradır, insanlar nəyə daha çox reaksiya verirlər və təşkilatlarda çalışan əməkdaşlar öz təşkilatlarının fəaliyyətində nə qədər fəaldırlar?
Məqsəd rəqəmləri süni şəkildə artırmaq deyil. Məqsəd görülən işləri daha canlı, səmimi və geniş auditoriyaya çatdırmaqdır. Bəlkə də sosial şəbəkələrə yalnız məlumat yerləşdirilən səhifə kimi yox, təşkilat, onun əməkdaşları və cəmiyyət arasında canlı ünsiyyət vasitəsi kimi baxmağın vaxtıdır.
Məncə, bu mövzu haqqında ciddi düşünmək və araşdırma aparmaq lazımdır. Çünki böyük təşkilatların ən böyük imkanlarından biri onların insan resursudur və bu imkan sosial şəbəkələrdə də düzgün istifadə olunmalıdır.









