Sosial şəbəkələrə əyləncə kimi baxıram - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda “Sumqayıt” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında diqqətçəkən məqamlara toxunub.
ERAmedia xəbər verir ki, təcrübəli mütəxəssis komandanın çəkdiyi əziyyətdən, azarkeş dəstəyindən və sosial şəbəkələrdə yazılan tənqidlərdən söz açıb.
Q. Qurbanov görünməyən əməyə və azarkeş amilinə diqqət çəkib: “Əziyyət kənardan görünmür, sadəcə nəticə görünür. Azarkeşlər fikirlər səsləndirirlər. Bizim öz azarkeşlərimiz var, “Qarabağ” sevərlər var. “Tvente” ilə oyunun sonunda “Qurban, Qurban” deyə qışqırırdılar”.
Baş məşqçi sosial şəbəkələrdəki müzakirələrə münasibət bildirərkən vurğulayıb ki, yazılanlar meydandakı mübarizəni kölgədə qoya bilməz: “Mən sosial şəbəkələrə əyləncə kimi baxıram. Orada hansısa fikirlər səslənir, kim daha maraqlı və cəsarətli fikir səsləndirəcək məsələsidir. Ola bilər ki, haradasa təsir etsin, amma canlı olaraq meydanda savaşırıq. Allah da bizə elə uğurlar qismət edib ki, bütün çətinliklərə baxmayaraq, “Qarabağ”ı yüksəltdik”.










