Sovet rejiminə qarşı çıxan aktyorun faciəli sonu
Sovet kinosunun yadda qalan simalarından biri olan Lev Bordukov təkcə oynadığı rollarla deyil, keşməkeşli həyatı ilə də diqqət çəkirdi.
ERAmedia bildirir ki, müharibə illərində cəbhəyə yollanan aktyor ağır yaralandıqdan sonra hərbi xidmətlə vidalaşmalı olur. Lakin onun həyatındakı ən çətin mərhələ bundan sonra başlayır. Hakimiyyət əleyhinə fikirlər səsləndirdiyi iddiası ilə saxlanılan Bordukov uzun müddət sürgün həyatı yaşayır.
Azadlığa qayıtdıqdan sonra o, yenidən teatr səhnəsinə dönür və müxtəlif şəhərlərin dram teatrlarında fəaliyyət göstərir. Aktyorun kinoda böyük uğuru isə 1950-ci illərin ortalarında başlayır. Faşizmə qarşı mübarizədən bəhs edən filmdə yaratdığı obraz tamaşaçıların böyük marağına səbəb olur və qısa müddətdə onu SSRİ miqyasında məşhurlaşdırır.
Bu uğurdan sonra azərbaycanlı rejissor Tofiq Tağızadə aktyoru “Uzaq sahillərdə” ekran işinə dəvət edir. Bordukov burada mənfi xarakterlərdən birini canlandırır. Çəkiliş prosesi isə sakit keçmir. Aktyorun alkoqol asılılığı iş qrupuna ciddi problemlər yaradır. Bəzən çəkiliş meydançasına gecikməsi, bəzən isə ümumiyyətlə gəlməməsi səbəbindən bəzi səhnələr alternativ üsullarla lentə alınırdı.
Filmin istehsalı zamanı baş verən hadisələrdən biri uzun illər kino cameəsində danışılıb. Bordukov zarafat məqsədilə film heyəti adından hədələyici teleqram göndərir. Məsələ ciddi qəbul olunduğu üçün hüquq-mühafizə orqanları işə qarışır və hadisə qalmaqala çevrilir. Sonradan bunun aktyorun uğursuz zarafatı olduğu məlum olur.
Ömrünün son illərində aktyor əvvəlki şöhrətini qoruyub saxlaya bilmir. Bununla belə, o, müxtəlif filmlərdə epizodik rollarda görünməyə davam edir. Son ekran işi “Poçt qutusu” filmi olur. Lev Bordukov 1967-ci ilin mayında, 54 yaşında dünyasını dəyişir. Onun həyatı sovet kinosunda şöhrətlə faciənin necə iç-içə keçdiyini göstərən ən dramatik talelərdən biri kimi xatırlanır.
Vüsalə









