Sovet repressiyasının hədəfində olan "İldırım" təşkilatı haqqında tarixi FAKTLAR
1942-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq məqsədilə yaradılan gizli “İldırım” təşkilatı sovet hakimiyyətinə qarşı fəaliyyət göstərən ən tanınmış milli təşkilatlardan biri hesab olunur.
ERAmedia xəbər verir ki, təşkilatın üzvləri arasında şərqşünas İsmixan Rəhimov, mühəndis Hacı Zeynalov, Musa Abdullayev, Kamal Əliyev, Azər Ələsgərov, Aydın Vahidov, Kamil Rzayev və yazıçı Gülhüseyn Hüseynoğlu yer alırdı.
Mənbələrə görə, təşkilatda yeganə qələm sahibi olan Gülhüseyn Hüseynoğlu əhali arasında maarifləndirmə işi aparır, insanlarda Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqil dövlətə çevrilməsi ideyasını təbliğ edirdi.
1945-ci ildə təhlükəsizlik orqanları universitet tələbələrinin xətt nümunələrini guya yoxlama yazısı adı altında topladı. Həmin dövrdə sovet kriminalistika sistemində xəttatlıq ekspertizasının yüksək səviyyədə inkişaf etməsi nəticəsində İsmixan Rəhimovun yazısı minlərlə tələbənin xətti arasından müəyyən edildi. Bundan sonra o, təxminən doqquz ay izlənildi və ardınca əvvəlcə İsmixan Rəhimov, daha sonra isə Gülhüseyn Hüseynoğlu və təşkilatın digər üzvləri həbs olundu.
Ali Məhkəmənin qərarı ilə İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu və Hacı Zeynalov barəsində güllələnmə hökmü çıxarılsa da, həmin dövrdə ölüm hökmünün müvəqqəti dayandırılması səbəbindən cəza 25 il azadlıqdan məhrumetmə ilə əvəz edildi. Təşkilatın digər üzvləri isə 10 il müddətinə həbs cəzasına məhkum olundular.










