Söz və fikir adamı: Mətbuat tariximizdə unudulmayan ad - FAKTLAR
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişafında bir sıra maarifçi ziyalılar mühüm rol oynayıb. Bu şəxslərdən biri də Salman Kərbəlayi Nəcəf oğlu Nərimanovdur.
ERAmedia xəbər verir ki, o, həm mətbəə işi sahəsində, həm də publisistika və poeziyada öz izini qoyub. Onun fəaliyyəti milli mətbuat tarixində xüsusi əhəmiyyət daşıyır.
Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1847-ci ildə Tiflisdə doğulub. Yeddi yaşında onu təhsil almaq üçün Tiflisdə Hacı Molla Tağının mədrəsəsinə qoyublar. Üç il burada “Quran”dan və Sədi Şirazinin “Gülüstan” əsərindən dərs alıb. Daha sonra ruhani idarəsinin tələbləri səbəbindən təhsilini davam etdirmək və ailə həyatı qurmaq imkanı olmayıb. Buna görə də ana babası Hacı Məmmədqasım onu bir peşə sahibi etmək üçün tacir Hacı Sadığın yanına göndərib.
Sonrakı dövrlərdə Salman Nərimanov dükançı, fəhlə və xırdavatçı kimi müxtəlif işlərdə çalışıb. Daha sonra Bakıya köçərək mürəttiblik sənətini öyrənib və Qafqazda ilk azərbaycanlı mürəttib kimi tanınıb. 1905-ci ildə Bakıda “Kaspi”, “Təzə həyat” və “Füyuzat” qəzet və jurnallarının mətbəələrində baş mürəttib (mətbəədə hərf düzən) vəzifəsində işləyib.
O, mətbuatda şeirləri və məqalələri ilə çıxış edib. “Səyyarə” və “Səyyareyi-Həqqi” imzaları ilə şeirlər, “Qoca Salman” imzası ilə məqalələr yazıb. “Həyat” qəzetinin 1906-cı il nömrələrində “Nəmrudlar və Şəddatlar”, “Hami-niku”, “Ağacı içindən qurd yeyər”, “Filankəsə məktub”, “Qissədən hissə”, “Danışmalı ya danışmamalı”, “Açıq məktub”, “Hürriyyətdən haqqa istifadə etmək lazımdır” adlı məqalələri dərc olunub.
Onun yazdığı “Səyahətnamə” əsəri Çar Rusiyası dövründə senzura səbəbindən çap olunmayıb. Əsərin əlyazması AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Kitab 2023-cü ildə Arif Ramazanov tərəfindən Bakıda transliterasiya olunaraq 116 ildən sonra nəşr edilib.
Nəriman Nərimanovun böyük qardaşı olan Salman Nərimanov 1907-ci ildə Bakıda vəfat edib. Bir il sonra həyat yoldaşı Səltənət xanım da vəfat edib.










