media-1518094063_xelil-rza-2

Azərbaycanın istiqlal mübarizəsində qələmi və cəsarətli çıxışları ilə seçilən Xəlil Rza Ulutürkün doğum günüdür.

ERAmedia xəbər verir ki, milli azadlıq ideyalarının carçısı olan şair sovet hakimiyyətinin son illərində mövcud rejimə qarşı açıq mövqeyi, kəskin şeirləri və meydan hərəkatındakı fəallığı ilə yadda qalıb.

Xəlil Rza Ulutürk sovet rəhbərliyinə, xüsusilə Mixail Qorbaçovun siyasətinə qarşı sərt etirazları ilə tanınırdı. Onun yaradıcılığında milli müstəqillik, xalqın azadlığı və vətənpərvərlik əsas yer tuturdu. Şairin çıxışları və şeirləri Azərbaycanda milli oyanışın gücləndiyi dövrdə geniş əks-səda doğururdu.

Şairin hakimiyyətə qarşı etirazını ifadə edən şeirləri sovet təhlükəsizlik orqanlarının da diqqətindən yayınmırdı. Onun mövqeyini gözdən salmaq məqsədilə müxtəlif üsullara əl atıldığı bildirilir. Bununla belə, Xəlil Rza xalq arasında nüfuzunu qoruyur, azadlıq ideyalarını qətiyyətlə müdafiə edirdi.

Sovet rəhbərliyini kəskin tənqid edən şeirlərindən sonra Xəlil Rza həbs olunaraq Moskvadakı Lefortovo həbsxanasına göndərildi. Şairin həbsə alınması onun tərəfdarlarının narazılığına səbəb oldu. “Azadlıq” radiosunun əməkdaşı Mirzə Xəzər bu barədə məlumatı dünya ictimaiyyətinə çatdırdı. Ardınca şairin hüquqlarının müdafiəsi məqsədilə komitə yaradıldı.

Həyat yoldaşı şairə dəstək olmaq üçün Lefortovo həbsxanasına dəfələrlə baş çəkdi. Xəlil Rza Ulutürk səkkiz ay 13 gün həbsdə saxlanıldıqdan sonra ictimai tələblər fonunda azadlığa buraxıldı.

Şairin həyatında ən ağır sınaqlardan biri isə oğlu Təbrizin şəhid olması idi. Xəlil Rza bu acı xəbəri “Azadlıq” qəzetindən öyrəndi. Oğlunun dəfn mərasimində gəlininə müraciətlə söylədiyi sözlər onun həm ata qürurunu, həm də yaşadığı böyük ağrını əks etdirirdi. O, Sevinc xanıma təsəlli verərək Təbrizin ən gözəl və qeyrətli qızı seçdiyini vurğulamışdı.

Vətən uğrunda oğlunu itirən şair bu ağır itkidən sonra cəmi iki il yaşadı. Onun şəxsi faciəsi ilə milli mübarizəyə bağlılığı bir ömür hekayəsində birləşirdi.

Xəlil Rzanın mübariz ruhu xəstəliklə üzləşdiyi günlərdə də özünü göstərirdi. Şəkərli diabet diaqnozu qoyulduqdan sonra həkimindən sağalmaq ehtimalını soruşan şairə min nəfərdən yalnız birinin sağala biləcəyi deyildiyi bildirilir. O isə nikbinliyini itirməyərək həmin şəxsin özü olacağını söyləmiş və bu əhval-ruhiyyə ilə “Min adamdan biri” adlı şeirini yazmışdı.

Şairin son günü ilə bağlı xatirələr də onun həyatının unudulmaz səhifələrindəndir. Xəstəxananın həyətində ərik tumlarının ləpəsini yeyən Xəlil Rza daha sonra yaxınları ilə palataya qalxmışdı. Həyat yoldaşından onu böyrü üstə çevirməsini istəyən şair bir qədər sonra dünyasını dəyişmişdi.

Həyat yoldaşının xatirəsinə görə, həmin anda Xəlil Rza onun əlini bərk sıxmışdı. Sonradan bu hərəkəti şairin üzünü qibləyə çevirmək istəyi ilə əlaqələndirmişdi.

Xəlil Rza Ulutürkün irsi bu gün də Azərbaycan ədəbiyyatının və milli azadlıq mübarizəsinin mühüm səhifələrindən biri kimi xatırlanır. Onun şeirləri, çıxışları və həyat yolu azadlıq, milli kimlik və vətənə bağlılıq ideyaları ilə yaddaşlarda yaşayır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər