Stenli Kubrik: Filmləri geniş açılmış gözlərlə baxılan rejissor
- Fuad Məmmədov-Paşabəyli
Mənim ilk güclü kino təəssüratlarımdan biri ötən əsrin 60-cı illərinin birinci yarısında SSRİ ekranlarında nümayiş etdirilən “Spartak” filmi olmuşdu.
Əminəm ki, təkcə mən yox, bir çox sovet insanı qədim dünyanın məşhur üsyançısı və qladiatoru haqqında olan bu Hollivud filminə heyran qalmışdı. Spartak Roma imperiyası kimi nəhəng bir dövlətə qarşı üsyan qaldırmışdı.
Film özünün qladiator döyüşləri, genişmiqyaslı kütləvi səhnələri və qulların Roma ordusuna qarşı mübarizəsi ilə tamaşaçını valeh edirdi.
Kirk Duqlas Spartak rolunda, Lorens Olivye Krass rolunda, Toni Kertis Antonin obrazında, Ceyms Simons, Piter Ustinov və Çarlz Loton isə Variniya, Lentul Batiata və Qrakx rollarında möhtəşəm çıxış etmişdilər.
Film tarixi həqiqətdən uzaq olsa da, bizim nəsil üçün demək olar ki, real tarixə çevrilmişdi.
Uşaqlığımızın həyətlərində biz taxta qılınclarla “Spartak-Spartak” oynayır, qladiator döyüşlərini canlandırırdıq. Bu film bir nəsildə dostluq, azadlıq və sevgi ideallarına inam yaratmışdı.
Stenli Kubrikin adının kəşfi
O vaxtlar mənim üçün yalnız hekayə maraqlı idi. Lakin illər keçdikcə kino sənətinə marağım artdı və filmin yaradılması tarixini araşdırmağa başladım.
Elə o zaman ilk dəfə Stenli Kubrik adı ilə tanış oldum. O, dünya kinosunun ən böyük rejissorlarından biri hesab olunur.
Daha sonra öyrəndim ki, Kubrik bu layihəyə tam səmimi yanaşmırdı. Əvvəl filmi başqa bir rejissor – vestern filmləri ilə tanınan Entoni Mann çəkirdi. Lakin sonradan layihə Kubrikə həvalə olunmuşdu.
Əslində isə filmin əsas idarəedicisi baş rolu ifa edən böyük Kirk Duqlas idi.
Buna baxmayaraq, Kubrik işi ustalıqla başa çatdırdı və “Spartak” dünya kino tarixində böyük hadisəyə çevrildi.
“Lolita” və İngiltərəyə köç
“Spartak”dan sonra Kubrik 1962-ci ildə İngiltərəyə köçdü və orada “Lolita” filmini çəkdi.
Bunun əsas səbəbi ABŞ ilə müqayisədə İngiltərədə senzuranın daha yumşaq olması idi. Lakin Kubrik orada daimi yaşamağa qərar verdi, baxmayaraq ki, ABŞ vətəndaşlığını və Nyu-Yorkdakı mənzilini saxladı.
“Lolita” cəmiyyətdə böyük mübahisələr doğuran ilk Kubrik filmi oldu. Roman onsuz da qalmaqallı idi və rejissor əsərdəki bəzi məqamları yumşaldaraq daha simvolik formada təqdim etmişdi.
Syu Layon bu filmdəki roluna görə “Qızıl Qlobus” mükafatı aldı, film isə Oskar üçün 7 nominasiyaya layiq görüldü.
Satira, kosmos və insan şüuru
“Doktor Strencelav, yaxud mən bombadan qorxmağı necə öyrənib onu sevməyi dayandırdım” filmi ABŞ-ın hərbi siyasətinə kəskin satira idi. O vaxta qədər bu qədər cəsarətli tənqidlər nadir idi.
Daha sonra “2001: Kosmik Odisseya” kinoda yeni dövr açdı və elmi fantastikanın inkişafına güclü təsir göstərdi.
Stiven Spilberq bu filmi “nəsillərin böyük partlayışı” adlandırmışdı.
Kubrik hesab edirdi ki, film tamaşaçıda fərqli emosiyalar və düşüncələr oyadırsa, o artıq uğurludur. “2001: Kosmik Odisseya” bunu tam şəkildə bacardı.
“Mexaniki portağal” – şok və mübahisə
1971-ci ildə çəkilən “Mexaniki portağal” filmi cəmiyyətə güclü təsir göstərdi.
Əsərin qəhrəmanı Aleks adlı zorakı gənc eksperimental müalicədən sonra aqressiyasını itirir və “nümunəvi insan”a çevrilir.
Malcolm Makdauell bu rolu ilə dünya şöhrəti qazandı. Lakin film o qədər qalmaqallı oldu ki, Kubrik Böyük Britaniyada onu nümayişdən çıxarmağa məcbur oldu.
Son illər: “Parıltı”, “Tam metal gödəkçə” və “Gözləri tam bağlı”
Kubrik sonrakı illərdə “Barri Lindon” (Martin Skorsezenin sevimli filmlərindən biri), Cek Nikolsonun oynadığı “Parıltı”, Vyetnam müharibəsindən bəhs edən “Tam metal gödəkçə” və nəhayət, Tom Kruz və Nikol Kidmanın rol aldığı “Gözləri tam bağlı” filmlərini çəkdi.
Kubrik son dərəcə tələbkar rejissor idi. O, saysız-hesabsız dubllar çəkir və yalnız az hissəsini filmdə istifadə edirdi.
Aktyorlar onu “tiran” adlandırırdılar. Hətta Tom Kruzun bu film zamanı ciddi stress yaşadığı deyilir. Çəkilişlərdən sonra Kruz və Kidman cütlüyünün ayrılması da bu dövrə təsadüf edir.
Ustadın sonu və əbədi mirası
Stenli Kubrik işinə son dərəcə bağlı idi və xəstə olduğu halda belə çəkilişlərə davam edirdi.
“Gözləri tam bağlı” filminin montajı bitdikdən dörd gün sonra Kubrik yuxuda vəfat etdi.
Böyük rejissor dünyadan getsə də, onun filmləri yaşayır və tamaşaçılar tərəfindən hər dəfə “gözləri geniş açıq” şəkildə izlənilir.










