Strateji müttəfiqliyə qarşı kampaniya: Hədəfdə nə var?
Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin möhkəmlənməsi fonunda iki ölkə arasındakı münasibətlərə qarşı yönələn informasiya hücumları və dezinformasiya kampaniyaları narahatlıq doğurur.
ERAmedia-nın məlumatına görə, politoloq Zaur İbrahimli bildirib ki, Azərbaycana qarşı aparılan informasiya kampaniyaları bir tərəfdən ölkəmizə təzyiq göstərmək, digər tərəfdən isə Türkiyənin siyasi rəhbərliyinə və xarici siyasət qərarlarına ideoloji təsir etmək məqsədi daşıyır.
Onun sözlərinə görə, 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında münasibətlər 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu sənəd müdafiə, təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq sahələrində inteqrasiyanın möhkəm əsaslarını formalaşdırıb.
Politoloq qeyd edib ki, son dövrlərdə müşahidə olunan proseslər Türkiyədə Azərbaycanın strateji müttəfiqlik münasibətlərini obyektiv reallıqdan uzaq təqdim edən müəyyən siyasi və ideoloji qrupların fəallaşdığını göstərir. Onun fikrincə, Azərbaycan rəhbərliyinə qarşı əsassız ittihamlar, dezinformasiya və təhqiramiz ifadələr vasitəsilə Türkiyə ictimai rəyinə təsir göstərilməyə çalışılır.
Zaur İbrahimli hesab edir ki, bu kampaniyalar Azərbaycanı Türkiyənin maraqlarını kifayət qədər müdafiə etməyən tərəf kimi təqdim etməklə iki ölkə arasında guya böhran olduğu təsəvvürünü yaratmağa yönəlib. O, xüsusilə dini həssaslıqlar, Fələstinə dəstək və Azərbaycanın Türkiyəyə münasibətdə mövqeyi ilə bağlı mövzuların manipulyasiya vasitəsinə çevrildiyini vurğulayıb.
Politoloqun qənaətinə görə, Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətləri iyerarxiyaya deyil, qarşılıqlı maraqların uzlaşdırılmasına və birgə fəaliyyətə əsaslanır. Ölkələr bir-birinin güclü tərəflərini dəstəkləyərək ortaq strateji potensial formalaşdırırlar.
O bildirib ki, Türkiyənin siyasi elitasının bir sıra nümayəndələri Azərbaycana qarşı təxribatları qınayaraq qardaşlıq və strateji müttəfiqlik prinsiplərini müdafiə ediblər. Bu mövqelər iki ölkə arasında ictimai və siyasi əlaqələrin dayanıqlılığını bir daha nümayiş etdirib.
Zaur İbrahimli vurğulayıb ki, müttəfiqlik münasibətlərinə zərbə vuran, təxribatlar təşkil edən və dezinformasiya yayan şəbəkələrin fəaliyyəti hərtərəfli araşdırılmalı, dövlət maraqlarına zidd təşəbbüslərin qarşısı alınmalıdır.
O, Azərbaycan-Türkiyə əməkdaşlığının hərbi, iqtisadi və enerji sahələrindəki göstəricilərinin strateji tərəfdaşlığın real əsaslarını təsdiqlədiyini qeyd edib. Politoloqun fikrincə, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Zəngəzur dəhlizinin açılması və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi qarşıdakı dövrün əsas prioritetləri sırasındadır.
Politoloq hesab edir ki, regionda mühüm geosiyasi proseslərin getdiyi indiki mərhələdə Azərbaycan-Türkiyə müttəfiqliyi şəxsi, ideoloji və korporativ maraqlardan üstün tutulmalı, iki ölkənin strateji əməkdaşlığı daha da dərinləşdirilməlidir.
Əli Fərhad









