media-1777186420_img_20260426_105301_893

Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə keçirilən şam yeməyində baş verən silahlı insident ölkə gündəmini yenidən təhlükəsizlik və siyasi qarşıdurma müstəvisinə daşıyıb.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, hücumun arxasında duran qüvvələr hələ də məlum olmasa da, baş verən hadisənin nəticələri Tramp və onun komandası üçün müəyyən siyasi üstünlüklər yaradır. Onun sözlərinə görə, insidentdən dərhal sonra prezidentin daha əvvəl təklif etdiyi və demokratlar tərəfindən etirazla qarşılanan Ağ Evdə 400 milyon dollarlıq bal zalının tikintisi ideyası yenidən aktuallaşıb və respublikaçıların dəstəyini qazanıb.

Ekspert qeyd edir ki, Trampın hücumun baş verdiyi məkanda – Hilton otelində – belə tədbirlərin yenidən keçirilməsinin təhlükəsizliyi ilə bağlı suallara verdiyi cavab da bu layihənin vacibliyinə diqqət çəkmək məqsədi daşıyırdı. “Min otaqlı obyektlərdə təhlükəsizliyi təmin etmək çətindir” fikri ilə prezident dolayısı ilə Ağ Ev daxilində xüsusi zalın inşasının zəruriliyini əsaslandırmağa çalışıb.

Asif Nərimanlının fikrincə, hadisənin siyasi nəticələri iki əsas istiqamətdə özünü göstərir. Birincisi, son dövrlərdə “Epşyetn işi” və İranla bağlı gərginlik fonunda administrasiyaya qarşı artan ictimai narazılıq müvəqqəti olaraq arxa plana keçir. Bunun əvəzində Trampın “ölkə maraqları uğrunda mübarizə apardığı üçün hədəfə alındığı” narrativi güclənir.

İkinci mühüm məqam isə İran faktorudur. Təhlilçi vurğulayır ki, artıq hücumun İranla əlaqələndirilməsi ilə bağlı ehtimallar səsləndirilir və bu, ABŞ ictimai rəyinin yönləndirilməsi baxımından Tramp administrasiyasına əlavə imkanlar yarada bilər. Xatırladılır ki, prezident daha əvvəl də İranın ona qarşı sui-qəsd planlaşdırdığına dair iddialar irəli sürmüşdü və mövcud hadisədən həmin ritorikanın gücləndirilməsi üçün istifadə olunması istisna deyil.

Bununla belə, Asif Nərimanlı hesab edir ki, hücumun nəticələrinin Tramp administrasiyasına sərf etməsi onun əvvəlcədən planlaşdırılmış “ssenari” olduğu anlamına gəlmir. Onun sözlərinə görə, ABŞ-ın siyasi təcrübəsi və hazırkı administrasiyanın siyasətinin cəmiyyətdə və siyasi dairələrdə ciddi narazılıq yaratması belə hadisələrin daha çox daxili qarşıdurmaların nəticəsi kimi qiymətləndirilməsinə əsas verir.

Ekspert əlavə edir ki, Trampın “Vaşinqton bataqlığı” adlandırdığı sistemə qarşı apardığı mübarizə onu müxtəlif səviyyələrdə hədəfə çevirib. Bu baxımdan, informasiya və siyasi hücumlardan sonra artıq fiziki təhlükə elementlərinin də gündəmə gəlməsi ehtimalı nəzərdən qaçırılmamalıdır.


media-adspc

Bənzər xəbərlər