Şükürbəylidə 45 ailəyə açarlar təqdim olunub - FOTO
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı çatıb.
ERAmedia xəbər verir ki, iyunun 17-də doğma yurduna yola salınan köç karvanı Şükürbəyli kəndinə uğurla çatıb. Bu mərhələdə kəndə köçürülən 45 ailədən ibarət 196 nəfərə yeni mənzillərinin açarları təqdim olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına köçürülməsi davam etdirilir.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
ERAmedia-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə – 196 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.









