Sülh adına verilən mükafatın mübahisəli tarixçəsi
9 oktyabrda Sülh üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq.
Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında Sülh üzrə Nobel mükafatının tarixindən, mükafatın mübahisələrə səbəb olan qərarlarından və 1990-cı ildə bu mükafata layiq görülmüş SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı məsuliyyətindən danışıb.
Onun sözlərinə görə, 1901-ci ildə Sülh üzrə ilk Nobel mükafatı Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaradılmasındakı roluna görə Anri Dünana verilib. Etibar Əliyev qeyd edib ki, Nobel mükafatının digər istiqamətləri ilə müqayisədə Sülh üzrə mükafat daha çox mübahisə və narazılıq doğurur.
Təhsil eksperti Sülh üzrə Nobel mükafatının nüfuzuna xələl gətirən qərarlardan biri kimi Mixail Qorbaçova 1990-cı ildə mükafat verilməsini göstərib.
Etibar Əliyev bildirib ki, Qorbaçovun fəaliyyəti Azərbaycan xalqının yaddaşında ağır faciələrlə də bağlıdır. Onun fikrincə, Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlının doğma yurdlarından didərgin salınmasında Qorbaçovun məsuliyyəti var.
Ekspert 1990-cı il yanvarın 20-də Bakıya sovet qoşunlarının yeridilməsini də xatırladaraq bildirib ki, həmin qərarın nəticəsində çoxsaylı dinc sakin həlak olub. O, bu hadisələri Qorbaçovun siyasi fəaliyyətinin Azərbaycan üçün ən faciəli səhifələrindən biri kimi qiymətləndirib.
Etibar Əliyev, həmçinin Qarabağın işğalı ilə bağlı proseslərdə Qorbaçovun yaratdığı Xüsusi Komitənin roluna diqqət çəkib. Onun qənaətinə görə, bu qurumun fəaliyyətinin nəticələri Azərbaycan tarixində ağır izlər buraxıb.
Təhsil eksperti hesab edir ki, Sülh üzrə Nobel mükafatı laureatlarının müəyyənləşdirilməsi zamanı yalnız beynəlxalq siyasi proseslər deyil, mükafata namizədlərin fəaliyyətinin müxtəlif xalqların taleyinə təsiri də nəzərə alınmalıdır.
Vural









