Sülh planı: Avropanın reaksiyası necə olacaq? - ŞƏRH
Avropa liderləri Trampın Ukraynadakı müharibəni tez bir zamanda başa çatdırmaq istəyinin NATO-nun birliyini zəiflədə və Rusiyaya strateji üstünlük verə biləcəyindən ehtiyatlanırlar.
ERAmedia-nun məlumatına görə, bu barədə “The Wall Street Journal” nəşri yazıb. Nəşrin qeyd etdiyinə görə, Donald Tramp administrasiyası Ukraynadakı müharibənin sülh yolu ilə həllinə fəal şəkildə çalışır, lakin Avropa müttəfiqləri ABŞ-ın NATO və transatlantik təhlükəsizliyə bağlılığına getdikcə daha çox şübhə ilə yanaşır.
ABŞ-ın xüsusi səfiri Stiv Vitkoff Kreml ilə növbəti danışıqlarda iştirak etmək üçün Moskvaya yola düşüb. Eyni zamanda, ABŞ-ın Dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək. Qeyd edək ki, sonuncu dəfə belə hadisə 1999-cu ildə baş verib.
“Onun iclasda iştirak etməməsi xüsusilə sülh danışıqlarının gedişində ciddi hiss olunacaq, bu da bir çox Avropa liderlərinin Vaşinqtonun prioritetlərinin hələ də Avropanın prioritetləri ilə üst-üstə düşüb-düşmədiyinə şübhə etməsinə səbəb olub”, – deyə nəşr vurğulayır.
28 maddədən ibarət sülh planı Ukraynadan güzəştlər tələb edir. Sülh planında geri çəkilmə, hərbi qüvvələrin azaldılması və Rusiyanın növbəti təcavüzü halında ABŞ və ya NATO-dan təminatın olmamasını özündə ehtiva edir. Plan həmçinin ABŞ-ın Rusiyaya və NATO-ya vasitəçi kimi çıxış etməsini təklif edir.
“Bu, Versal müqaviləsi kimidir, yalnız fərqi ondadır ki, qurban cəzalandırılır, təcavüzkar isə mükafatlandırılır”, – deyə Münhen Bundesver Universitetinin beynəlxalq siyasət professoru Karlo Masala bildirib.
Polşanın baş naziri Donald Tusk sülh planını “qəbuledilməz” adlandırıb. Digər tərəfdən, Finlandiyanın keçmiş xarici işlər naziri Pekka Haavisto qeyd edib ki, “NATO müttəfiqlərinin planın detalları barədə mətbuat vasitəsilə məlumat alması təəssüf doğurur. Bu göstərir ki, NATO siyasi strukturu düzgün işləməyib”.
Fransa prezidenti Emmanuel Makron Ukrayna üçün təhlükəsizlik təminatlarının əhəmiyyətini vurğulayaraq bildirib ki, “əgər avropalılar olmasaydı, Putin və Tramp uzun müddət əvvəl razılığa gələrdilər”.
Londonda yerləşən Krallıq Birləşmiş Xidmətlər İnstitutunun Rusiya üzrə eksperti Emili Ferris bildirib ki, amerikalılar və avropalılar sülh prosesinə fərqli baxırlar.
“Avropa görür ki, Rusiya silahlanır və növbəti müharibədən narahatdır. Amerikalılar isə daha qısamüddətli düşünür, gəlin prosesi başa çatdıraq, Ukraynanı ayağa qaldıraq və bir neçə il davam edəcək soyuq sülh yaradaq”, – Ferris qeyd edib.
Analitiklər xəbərdarlıq edirlər ki, ABŞ-ın sülh planı alyansın parçalanması riskini artırır. ABŞ ordusunun təqaüddə olan general-leytenantı Ben Hojes deyib ki, “bu, Rusiyanın xəyallarının ssenarisidir. Məncə, Trampın Avropanı nəzərə almamasının səbəbi onun Avropanı əhəmiyyətsiz hesab etməsidir”.
“The Wall Street Journal” nəşrinin yazdığına görə, Putin bilirib ki, “Ukraynadakı müharibədə Rusiya qüvvələrinin uğursuzluğunu nəzərə alsaq, NATO ilə birbaşa qarşıdurmada ona qalib gəlmək mümkün deyil”. Putinin yeganə ümidi NATO-nu siyasi olaraq zəiflətməkdir.
“ABŞ-ın son sülh planı NATO-nu parçalamağa xidmət edəcək, Rusiya üçün hücuma görə amnistiya ilə eyni olacaq, bu isə onu yenidən G-8 ölkələri sırasına daxil etməyə və ABŞ ilə Arktika kimi bölgələrdə birgə iqtisadi inkişaf planlarını həyata keçirməyə imkan verəcək”, – deyə nəşr nəticəni yekunlaşdırır.
Donald Tramp administrasiyası Rusiya və Ukrayna arasında sülh danışıqlarında irəliləyiş əldə etmək üçün növbəti cəhdini edir və yenə qeyri-adi diplomatlara güvənir.
Artıq Moskvaya Trampın uzun müddətli biznes tərəfdaşı Stiv Vitkoff və kürəkəni Jared Kuşner gedəcək. Hər ikisinin rəsmi vəzifəsi yoxdur və Senatda təsdiqlənməyiblər, lakin prezident onları əsas vasitəçi hesab edir.
Danışıqlar barədə xəbərlərə baxmayaraq, ABŞ prezidenti Donald Tramp administrasiyasının sülh sazişi barədə “çox nikbin” olduğu açıqlanıb.
ERAmedia Analitik Qrupu










