Süni intellekt dövlət sektorunda prioritetə çevrilir – AÇIQLAMA
Son dövrlərdə Azərbaycanda süni intellektin inkişafına dövlət səviyyəsində diqqət əhəmiyyətli dərəcədə artıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər və verilən tapşırıqlar sektorun sürətli inkişafını hədəfləyir.
ERAmedia-nın məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, Prezident İlham Əliyevin bu sahəni prioritet elan etməsi, maliyyə resurslarının ayrılması və koordinasiya mexanizmlərinin gücləndirilməsi süni intellektin dövlət idarəçiliyində tətbiqinə ciddi təkan verir.
Onun sözlərinə görə, hazırda ölkədə süni intellekt sahəsində real nəticələr göstərən qurumların sayı məhduddur:
“Birmənalı şəkildə demək olar ki, Azərbaycanda süni intellekt sahəsində ən aktiv və real nəticələr ortaya qoyan qurumlardan biri Azərbaycan Beynəlxalq Bankıdır. Burada artıq söhbət yalnız konsepsiyalardan deyil, işlək məhsullardan, gündəlik istifadədən və ciddi investisiyalardan gedir”.
Ekspert qeyd edib ki, bankın rəsmi rəqəmsal həllərində, rəhbər şəxslərin çıxışlarında və elan olunan tenderlərdə süni intellektə xüsusi önəm verildiyi açıq görünür. Onun sözlərinə görə, ABB daxilində onlarla AI modelinin tətbiqi və paralel layihələrin icrası artıq milyonlarla manatlıq maliyyə effekti yaradır.
Osman Gündüz xüsusilə səsli AI agentləri – AI-nur və AI-khan layihələrini diqqətəlayiq hesab edir:
“Müştərilər artıq danışaraq ödəniş edir, köçürmə aparır, kartlarını bloklayır və hesablarını idarə edirlər. Bu isə bankçılığın klassik mobil tətbiqdən ünsiyyət əsaslı yeni mərhələyə keçdiyini göstərir”.
O əlavə edib ki, bu sistemlər daim təkmilləşdirilir və əvvəlki çatışmazlıqlar aradan qaldırılır.
Ekspert ABB-nin NVIDIA GPU serverlərinə etdiyi investisiyanı da strateji addım kimi qiymətləndirib:
“Bu onu göstərir ki, bank hazır texnologiyalardan istifadə etməklə kifayətlənmir, öz dayanıqlı süni intellekt infrastrukturunu qurmağa çalışır”.
Sonda Osman Gündüz vurğulayıb ki, ölkədə süni intellekt haqqında danışanlar çox olsa da, onu real müştəri xidmətlərinə və əməliyyatlara çevirən qurumların sayı hələ azdır. Onun fikrincə, bu baxımdan ABB-nin atdığı addımlar təqdirəlayiq və nümunəvi hesab oluna bilər.









