media-suni-intellekt-3

XXI əsr texnoloji tərəqqi, süni intellekt və informasiya bolluğu ilə yanaşı, insanın reallıqla münasibətində ciddi dəyişikliklərin baş verdiyi bir dövr kimi xarakterizə olunur.

Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Nobel mükafatı laureatı Günter Qrassın “Mənim yüzilliyim” əsərində XX əsr müharibələr, Holokost və bədbəxtliklər əsri kimi təqdim edilirsə, XXI əsrin əsas problemi həqiqilik və insanın özünə münasibəti ilə bağlıdır.

Onun sözlərinə görə, Qrassın əsərində tarix bir növ ani çəkilişlər – xatirələr və mühüm hadisələr vasitəsilə təqdim olunur: “Qrassın gözündə XX əsr müharibələr, Holokost, bədbəxtliklər əsridir. Bu əsrdə hər bir dürüst insan günahı özündə axtarır. O günahı ki, ya onda iştirak edib, ya da etməyib. O günahı ki, ya danışıb, ya da susub”.

Etibar Əliyev qeyd edib ki, XXI əsrdə isə kollektiv günah və məsuliyyət anlayışının arxa plana keçməsi, gerçək olanla onun imitasiya edilmiş forması arasındakı sərhədin itməsi diqqət çəkir.

“XXI əsr yalan və saxtakarlıqlarla dolu əsrə çevrilir. Kofeinsiz qəhvə, spirtsiz pivə, az kalorili və az şəkərli içkilər, şəkərsiz məhsullar, virtual seks, sözsüz kitablar, düşmənsiz müharibələr… Real həyatın yerini realiti-şoular, həqiqi mənəvi fəaliyyətin yerini zahiri məşğuliyyətlər tutur. Real dostluqların əvəzinə “Facebook dostları”, qayğı və canıyananlığın əvəzinə nəzakətli ifadələr gəlir. Real həyatımızı isə sonu olmayan teleseriallar əvəz edir”, – deyə ekspert vurğulayıb.

Ekspertin fikrincə, bu prosesin ən ciddi nəticələrindən biri insanın öz fərdiliyini və düşünmə qabiliyyətini tədricən texnologiyalara ötürməsidir.

Etibar Əliyev hesab edir ki, süni intellektin həyatın müxtəlif sahələrində sürətlə yayılması yeni imkanlarla yanaşı, insanın müstəqil düşüncəsi üçün də suallar yaradır: “Süni intellekt isə əvəzimizə düşünür. Fərd artıq tənhalıq labirintindədir. Bizim yüzilliyimiz zamanı qovmağa müncər olub”.

O əlavə edib ki, bütün bu dəyişikliklər fonunda ən fundamental suallardan biri insan həyatında həqiqi olanın nə qədər qalmasıdır.

“Filosof Naim Şapiranın qoyduğu sual bu baxımdan xüsusilə düşündürücüdür: “Həqiqi olan nəsə qalıb?” Məncə, ağrı həmişə həqiqidir, həqiqi sevgi də mövcuddur. Təəccüblü deyil ki, gənclər həqiqət axtarışında həmişə dalana dirənirlər”, – deyə Etibar Əliyev bildirib.

Ekspertin sözlərinə görə, bu prosesdə nəsillərarası münasibətlər də mühüm əhəmiyyət daşıyır: “Orta və yaşlı nəsil öyrətmir, müşahidə edir. Gənc nəsil isə hazır cavabların, alqoritmlərin və süni intellektin əhatəsində böyüyür”.

Etibar Əliyev hesab edir ki, XXI əsrin əsas çağırışlarından biri insanın texnoloji imkanlarla öz düşüncəsi arasında tarazlığı qoruması, həqiqi münasibətləri və mənəvi məsuliyyəti itirməməsidir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər