media-1715938836_1672043084_1585111693

İngiltərədə ilk dəfə olaraq süni intellektin hazırladığı hüquqi iş əsasında məhkəmədə qələbə əldə olunub.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Londonda bir iddiaçı təxminən 400 funt sterlinq ödəməklə Garfield AI şirkətinin xidmətindən istifadə edib və ona məxsus 7 min funt sterlinq borcun geri qaytarılması üçün bütün hüquqi sənədlər süni intellekt vasitəsilə hazırlanıb.

Deputatın sözlərinə görə, süni intellekt məhkəmə iclasına qədər iddia ərizəsini, hüquqi arqumentləri, dörd şahidin ifadəsini və məhkəmə materiallarından ibarət qovluğu hazırlayıb. Məhkəmə prosesində isə iddiaçını insan vəkili təmsil edib və nəticədə iş uğurla başa çataraq iddiaçı qalib gəlib.

Tahir Mirkişili vurğulayıb ki, bu hadisə süni intellektin hüquqşünasları tam əvəz etməsi anlamına gəlmir. Onun sözlərinə görə, hazırkı mərhələdə süni intellekt əsasən sənədlərin hazırlanması, hüquqi arqumentlərin formalaşdırılması, işin strukturlaşdırılması və materialların toplanması kimi funksiyaları yerinə yetirir, məhkəmə prosesində isə insan hüquqşünasının iştirakı hələ də vacibdir.

Deputat qeyd edib ki, bu təcrübə süni intellektin hüquq xidmətlərini daha əlçatan etməsi baxımından mühüm nümunədir. Xüsusilə kiçik sahibkarlar və vətəndaşlar üçün məktubların, ərizələrin və digər hüquqi sənədlərin hazırlanması xərclərinin azalması məhkəməyə müraciəti asanlaşdıra bilər. Əvvəllər yüksək hüquqi xərclərə görə bir çox şəxs kiçik məbləğli borcların geri alınması üçün məhkəməyə müraciət etmirdi.

Tahir Mirkişili əlavə edib ki, hazırda Garfield AI şirkəti 10 min funt sterlinqədək olan iddialarla işləyir. Bu da göstərir ki, süni intellekt əsasən sadə və tipik hüquqi mübahisələrin həllində effektiv alət kimi tətbiq olunur və gələcəkdə hüquq xidmətlərinin rəqəmsallaşmasına mühüm töhfə verə bilər.


media-adspc

Bənzər xəbərlər