media-suni-intellektden-istifade-50-e-catdi-1024x684

Bu günlərdə açıqlanan PİSA-2025 hesabatında Azərbaycanda şagirdlərin Süni İntellektdən (Sİ) istifadəsi ilə bağlı diqqətçəkən rəqəmlər açıqlanıb.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Azərbaycanda hesabatda əhatə olunan şagirdlərin 48 faizi öyrənmə prosesində süni intellektdən istifadə edir. Bu göstərici OECD üzrə orta hesabla 46 faizdir. Sİ-dən heç vaxt istifadə etməyən şagirdlərin payı isə Azərbaycanda 8 faiz, OECD ölkələrində 14 faiz təşkil edir.

Deputat qeyd edib ki, cəmi bir neçə il əvvəl geniş yayılmağa başlayan süni intellekt modelləri artıq gündəlik həyatın, xüsusilə də təhsil prosesinin mühüm hissəsinə çevrilib. Müxtəlif beynəlxalq sorğular da tələbələrin böyük əksəriyyətinin Sİ-dən kurs işləri, tapşırıqlar, mürəkkəb anlayışların izahı və materialların ümumiləşdirilməsi üçün istifadə etdiyini göstərir.

Tahir Mirkişilinin sözlərinə görə, əsas məsələ şagird və tələbələrin Sİ-dən istifadə edib-etməməsi deyil, ondan necə istifadə etməsidir. Süni intellekt öyrənənin düşünmə prosesini əvəz etdikdə, onun öyrənməsinə mənfi təsir göstərə bilər. Əksinə, şagird öz fikrini formalaşdırdıqdan sonra Sİ-dən alternativ yanaşmalar almaq, arqumentlərini yoxlamaq və zəif tərəflərini müəyyənləşdirmək üçün istifadə edərsə, bu texnologiya öyrənməni gücləndirə bilər.

Deputat vurğulayıb ki, müəllimlər şagirdlərə Sİ-dən istifadəni qadağan etmək əvəzinə, ondan düzgün yararlanmağı öyrətməlidirlər. Şagird əvvəlcə tapşırıqla bağlı öz cavabını və ya planını hazırlamalı, daha sonra süni intellektdən həmin yanaşmanı təhlil etmək və təkmilləşdirmək üçün istifadə etməlidir.

Tahir Mirkişili hesab edir ki, şagirdlərə ideya yaratmaq, məna formalaşdırmaq, sual vermək və mühakimə yürütməyin onların, cavablar, nümunələr və alternativ perspektivlər təqdim etməyin isə Sİ-nin funksiyası olduğu izah edilməlidir.

“Beləliklə, süni intellekt artıq şagirdlərin və tələbələrin akademik həyatının mühüm hissəsidir. Sİ-dən istifadəni öyrənənin düşünmə prosesini qoruyan interaktiv və konstruktiv yanaşmalarla birləşdirməklə, onu tədris prosesində mühüm tərəfdaşa çevirmək mümkündür”, – deputat qeyd edib.

Tahir Mirkişili Elm və Təhsil nazirinin süni intellektin tədrisdə istifadəsinin tənzimlənməsinin vacibliyi ilə bağlı fikirlərini dəstəklədiyini də bildirib. Onun sözlərinə görə, PİSA-2025 hesabatında rəqəmsallaşma sahəsində Azərbaycanın əldə etdiyi göstəricilər bu məsələnin tənzimlənməsini daha da aktual edir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər