media-suni_intellekt-768x403

Bu günlərdə açıqlanan PİSA-2025 hesabatında Azərbaycanda şagirdlərin süni intellektdən (Sİ) istifadəsi ilə bağlı maraqlı göstəricilər yer alıb.

Milli Məclisin deputatı Tahir Mirkişili ERAmedia-ya açıqlamasında bildirib ki, hesabatda iştirak edən azərbaycanlı şagirdlərin 48 faizi öyrənmə prosesində süni intellektdən istifadə etdiyini qeyd edib. Bu göstərici OECD ölkələri üzrə orta göstəricidən (46 faiz) yüksəkdir. Azərbaycanda Sİ-dən heç vaxt istifadə etmədiyini bildirən şagirdlərin payı isə cəmi 8 faizdir.

Deputatın sözlərinə görə, süni intellekt modelləri artıq gündəlik həyatla yanaşı, təhsil prosesinə də sürətlə daxil olur. Beynəlxalq sorğular da tələbələrin böyük hissəsinin Sİ-dən kurs işləri, ideyaların formalaşdırılması, mürəkkəb anlayışların izahı, materialların ümumiləşdirilməsi və imtahanlara hazırlıq məqsədilə istifadə etdiyini göstərir.

Tahir Mirkişili qeyd edib ki, əsas məsələ şagird və tələbələrin süni intellektdən istifadə edib-etməməsi deyil, ondan necə istifadə etməsidir. Onun sözlərinə görə, Sİ öyrənənin düşünmə prosesini əvəz etdikdə təhsilə mənfi təsir göstərə bilər. Əksinə, şagird Sİ-nin təqdim etdiyi məlumatları təhlil edir, tənqid edir, alternativlərlə müqayisə edir və öz mühakiməsini formalaşdırırsa, bu texnologiya öyrənməni gücləndirən vasitəyə çevrilə bilər.

Deputat ICAP çərçivəsinə istinad edərək vurğulayıb ki, interaktiv və konstruktiv iştirak öyrənmənin daha yüksək səviyyələrini təmin edir. Buna görə də süni intellektdən istifadə zamanı şagirdlərin ilkin cavabı, planı və ya izahı özlərinin hazırlaması, daha sonra Sİ-nin təklifləri ilə müqayisə aparması vacibdir.

Tahir Mirkişili müəllimlərin də bu prosesdə mühüm rol oynadığını bildirib. Onun fikrincə, şagirdlərə süni intellektdən istifadəni qadağan etmək əvəzinə, ondan düzgün və öyrənməni dəstəkləyən formada yararlanmağı öyrətmək lazımdır. Şagirdlər Sİ-dən hazır cavab almaq əvəzinə, öz arqumentlərindəki zəif cəhətləri müəyyənləşdirmək, alternativ fikirlər əldə etmək və müxtəlif yanaşmaları müqayisə etmək üçün istifadə edə bilərlər.

Deputat hesab edir ki, süni intellektin geniş yayıldığı şəraitdə şagirdlərin öz düşünmə və mühakimə bacarıqlarını qoruması əsas şərtdir. O, Elm və Təhsil nazirinin süni intellektin tədrisdə istifadəsinin tənzimlənməsinin vacibliyi ilə bağlı fikirlərini dəstəklədiyini bildirib.

“PİSA-2025 hesabatında rəqəmsallaşma sahəsində göstərilən mühüm irəliləyişlər süni intellektin təhsildə istifadəsinin tənzimlənməsini daha da aktual edir. Süni intellekt artıq şagird və tələbələrin akademik həyatının bir hissəsidir. Əsas məqsəd bu texnologiyanın öyrənəni əvəz etməsi deyil, onun düşünməsinə və öyrənməsinə dəstək verməsidir”, – deyə Tahir Mirkişili qeyd edib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər