media-idaho-national-laboratory-falcon-supercomputer-original

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktoru Meq O’Nilini qəbul edib.

ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu görüşdən sonra İqtisadiyyat Nazirliyi, SOCAR və bp arasında yüksək məhsuldarlıqlı hesablama infrastrukturu (HPC) sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını strateji əhəmiyyətli addım kimi qiymətləndirib.

Osman Gündüz bildirib ki, bp dünyanın ən güclü kommersiya superkompüter infrastrukturlarına sahib şirkətlərdən biridir. Onun sözlərinə görə, şirkət HPC texnologiyalarından seysmik analiz, yeraltı resursların modelləşdirilməsi, süni intellekt və böyük həcmli məlumatların emalı üçün istifadə edir.

Ekspert qeyd edib ki, bp məhz bu hesablama gücü sayəsində müxtəlif yataqlarda əlavə neft ehtiyatlarını müəyyənləşdirə bilib. O vurğulayıb ki, HPC texnologiyaları yalnız enerji sektorunda deyil, tətbiqi elm, molekulyar biologiya, kompüter elmləri və enerji optimallaşdırılması kimi istiqamətlərdə də mühüm rol oynayır.

“Burada söhbət sadəcə server infrastrukturu qurmaqdan getmir. Bu, iqtisadi nəticə yaradan və strateji üstünlük təmin edən hesablama ekosistemidir”, – deyə Osman Gündüz bildirib.

O xatırladıb ki, İqtisadiyyat Nazirliyinin Caspel şirkəti xətti ilə qurduğu NVIDIA GPU əsaslı Superkompüter Mərkəzi artıq fəaliyyət göstərir. Onun fikrincə, bu infrastrukturun bp təcrübəsi əsasında inkişaf etdirilməsi Azərbaycana daha güclü AI və data infrastrukturu, enerji sektorunda daha dəqiq analiz imkanları, yerli mütəxəssislər üçün yeni texnoloji təcrübə və universitetlər üçün əlavə tədqiqat imkanları qazandıra bilər.

Osman Gündüz hesab edir ki, əsas məsələ bu infrastrukturların real istifadəsinin təmin olunması, açıq texnoloji ekosistemə çevrilməsi və universitetlər, startaplar, eləcə də özəl sektor üçün əlçatan olmasıdır.

Ekspertin fikrincə, hazırda Azərbaycanda “milli” statusu qazanmaq istəyən Superkompüter Mərkəzləri arasında rəqabət getdikcə daha da güclənir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər