Süni intellektlə bağlı yeni fırıldaqçılıq XƏBƏRDARLIĞI
İki həftə əvvəl Bill Qeytsin süni intellektin inkişafı və gələcəklə bağlı bədbin proqnozunu paylaşan Mətbuat Şurasının sədri Rəşad Məcid bu dəfə özü süni intellektdən istifadə edilə biləcəyi ehtimal olunan inandırıcı fırıldaqçılıq cəhdinin şahidi olduğunu bildirib.
ERAmedia xəbər verir ki, Rəşad Məcid sosial şəbəkə hesabında baş verən hadisənin təfərrüatlarını bölüşüb.
Onun sözlərinə görə, əvvəlcə nazir müavininin adından ona adi mobil nömrədən mesaj gəlib. Mesajda şəxsin ad-soyadı və fotosunun da düzgün olduğu qeyd edilib.
“Salam, Rəşad müəllim, necəsiz?” – deyə başlayan yazışmadan sonra Rəşad Məcid zəng etməyi təklif edib. Qarşı tərəf tədbirdə olduğunu və danışa bilmədiyini bildirib. Daha sonra isə kapitan Əzizov Əkbər Rafiq oğlunun ona zəng edəcəyini və mədəni insan olduğunu deyərək onunla görüşməsini istəyib.
Bir qədər sonra “Akbar Azizov” adı ilə qeyd olunan adi mobil nömrədən zəng gəlib. Rus dilində danışan şəxs Rəşad Məcidə filankəs müəllimin onunla danışıb-danışmadığını soruşub və görüşməyin lazım olduğunu bildirib.
Rəşad Məcid tədbirdə olduğunu və tədbirin saat 16:00-da başa çatacağını ehtimal etdiyini deyib. Saat 16:00-da həmin nömrəyə zəng etsə də, cavab verilməyib. Daha sonra qarşı tərəf özü zəng edərək həmin gün məşğul olduğunu, sabah əlaqə saxlayacağını bildirib.
“Dalağı sancan, şübhələnməyə əsas verən bir neçə məqam olsa da, nömrələrin inandırıcılığı üstün gəldi”, – deyə Rəşad Məcid qeyd edib.
O, daha sonra bir tədbirdə millət vəkilləri ilə görüşdüyünü və söhbət zamanı oxşar halların parlament rəhbərliyinin adından da baş verdiyini öyrəndiyini bildirib. Belə ki, deputatlara rəhbər şəxslərin səsinə bənzədilən səslərlə zənglərin gəldiyi məlum olub.
Rəşad Məcid bu hadisəni Bill Qeytsin inandırıcı fırıldaqçılıqla bağlı xəbərdarlığı fonunda qiymətləndirərək bunun hələ başlanğıc olduğunu vurğulayıb.
“Bundan sonra daha inandırıcı fırıldaq cəhdləri ilə də üzləşəcəyik. Diqqətli, çevik və ayıq olmalıyıq”, – deyə o bildirib.
Mətbuat Şurasının sədri hadisəni ictimailəşdirməkdə məqsədinin belə hallarla hələ qarşılaşmayan şəxsləri də hazırlıqlı olmağa çağırmaq olduğunu qeyd edib.
Vural










