media-1762186473_abs-cin

Dünyanın iki supergücü olan ABŞ və Çinin diqqətinin Azərbaycana yönəlməsi təsadüfi deyil.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, bu maraq Azərbaycanın təkcə bugünkü coğrafi mövqeyi ilə deyil, gələcəyin geosiyasi və iqtisadi xəritəsində tutacağı yerlə də bağlıdır.

Onun sözlərinə görə, Azərbaycan hazırda həm ABŞ, həm də Çinlə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir və əsas məsələ böyük dövlətlərin diqqətindən milli maraqlar naminə səmərəli istifadə etməkdir.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, supergüclərin yollarının Azərbaycandan keçməsi ölkənin coğrafi üstünlüyüdür, həmin yolların əsas şərtlərinin müəyyənləşdirilməsində söz sahibi olmaq isə strateji qazancdır.

“Coğrafi mövqe Azərbaycana müəyyən üstünlük verir. Həmin üstünlüyü davamlı geosiyasi kapitala və siyasi sərbəstliyə çevirmək isə səmərəli diplomatiya, şəffaf müqavilələr, etibarlı infrastruktur və regional sabitlik tələb edir”, – deyə o vurğulayıb.

Sabiq deputatın fikrincə, Çin siyasətinin arxa planında əsasən iqtisadi maraqlar dayanır. Pekin ixrac məhsullarının Avropaya çatdırılması üçün alternativ marşrutlara ehtiyac duyur. Şimal dəhlizinin geosiyasi riskləri, dəniz yollarının isə vaxt və təhlükəsizlik baxımından həssaslığı alternativ nəqliyyat istiqamətlərinin əhəmiyyətini artırır.

O bildirib ki, alternativ marşrutlar yükdaşımalarının siyasi böhranlardan, təhlükəsizlik problemlərindən və ayrı-ayrı nəqliyyat xətlərində yarana biləcək fasilələrdən asılılığını azaltmağa imkan verir.

Əlibəylinin qənaətinə görə, Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz üzərindən keçən Orta Dəhliz bu baxımdan Çin üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan isə tranzit imkanları, Xəzər limanları və Avropaya çıxış imkanları ilə həmin marşrutun mühüm həlqələrindən biri kimi çıxış edir.

“Azərbaycan həm təhlükəsiz tranzit ölkə, həm də etibarlı tərəfdaş kimi Pekinin diqqətini cəlb edir. Çin üçün əsas məsələlərdən biri ölkəmiz üzərindən keçən marşrutların və bağlantıların nə dərəcədə etibarlı və əlçatan olmasıdır”, – deyə o bildirib.
Supergüclərin rəqabəti Azərbaycanın iradəsini kölgədə qoymamalıdır
Qulamhüseyn Əlibəyli hesab edir ki, Çinin Azərbaycanla əlaqələrini dərinləşdirmək istəyini yalnız Pekinin Cənubi Qafqazı Vaşinqtonun təsir dairəsinə buraxmamaq cəhdi kimi qiymətləndirmək düzgün olmazdı.

Onun sözlərinə görə, belə yanaşma regiondakı rəqabəti ön plana çıxarsa da, Azərbaycanın müstəqil siyasi iradəsini və iqtisadi maraqlarını arxa plana keçirir.

Sabiq deputat vurğulayıb ki, Cənubi Qafqaz, o cümlədən Azərbaycan supergüclərdən birinin digərinə təhvil verə biləcəyi siyasi məkan deyil.

“Azərbaycan da orta güc kimi regional proseslərə təsir göstərir, özünə tərəfdaş seçir, şərtlər irəli sürür və xarici maraqları öz məqsədlərinə uyğunlaşdırmağa çalışır”, – deyə o qeyd edib.

Əlibəyli əlavə edib ki, regionda ABŞ, Çin və Rusiyanın maraqlarını, eləcə də bu dövlətlər arasında gedən rəqabətin mahiyyətini nəzərdən qaçırmaq olmaz. Azərbaycandan və bütövlükdə regiondan keçən nəqliyyat marşrutları həm Çin mallarının daşınmasına, həm də ABŞ-ın dəstəklədiyi regional bağlantı layihələrinə xidmət edə bilər.

Onun fikrincə, bu dövlətlərin maraqlarının müəyyən istiqamətlərdə üst-üstə düşməsi təbii olsa da, ziddiyyətlər də mövcuddur. Əsas mübahisələr yalnız yolların mövcudluğu ilə deyil, onların maliyyələşdirilməsi, idarə olunması, texnoloji standartları və yaratdığı siyasi təsirlə bağlıdır.

Sabiq deputat hesab edir ki, Azərbaycan üçün əsas imkan müxtəlif tərəfdaşların maraqlarını bir-birini tamamlayan layihələrə çevirməkdir. Bununla belə, iqtisadi əməkdaşlıq ölkənin siyasi seçimləri üzərində inhisar yaratmamalıdır.

“Bir tərəfdaşla yaxınlaşma digər tərəfdaşla münasibətləri avtomatik məhdudlaşdıran öhdəliyə çevrilərsə, Azərbaycanın manevr imkanları daralar”, – deyə Əlibəyli bildirib.

Qulamhüseyn Əlibəyli regionda Rusiyanın maraqlarının və mövqeyinin də nəzərə alınmasının vacibliyini vurğulayıb.

O qeyd edib ki, Çinin Cənubi Qafqazda fəallaşması avtomatik olaraq Rusiyanın regiondan sıxışdırılıb çıxarılması demək deyil. Moskva və Pekin müəyyən siyasi məsələlərdə yaxın mövqelər tutsalar da, nəqliyyat, logistika, bağlantılar və investisiyalar sahəsində fərqli maraqlara malik ola bilərlər.

Sabiq deputatın fikrincə, regionda baş verən dəyişiklikləri bir gücün geri çəkilməsi və digərinin onun yerini tutması kimi qiymətləndirmək kifayət etmir.

“Çin Azərbaycanla əlaqələrini dərinləşdirmək istəyir, Vaşinqton regional bağlantılarda daha fəal iştirak edir, Moskva isə öz maraqlarını qorumağa çalışır. Bu vəziyyət Azərbaycanı bir neçə güc mərkəzinin eyni vaxtda maraq göstərdiyi məkana çevirir”, – deyə o bildirib.

Əlibəyli hesab edir ki, Çin, ABŞ, Avropa İttifaqı, Rusiya və Türkiyə kimi güc mərkəzlərinin Bakıya maraq göstərməsi Azərbaycanın diplomatik çəkisini artırır. Bununla yanaşı, fərqli maraqların toqquşduğu şəraitdə tarazlığın qorunması xüsusi diplomatik məharət tələb edir.

Onun sözlərinə görə, Azərbaycanın uğuru müxtəlif güc mərkəzlərindən birini seçməyə məcbur qalmadan hər bir əməkdaşlıqdan konkret milli fayda əldə etməsindən asılıdır. Çoxvektorlu və balanslaşdırılmış xarici siyasət də məhz bu məqsədə xidmət edir.

Əlibəyli hesab edir ki, Çin, ABŞ, Avropa İttifaqı, Rusiya və Türkiyə kimi güc mərkəzlərinin Bakıya maraq göstərməsi Azərbaycanın diplomatik çəkisini artırır. Bununla yanaşı, fərqli maraqların toqquşduğu şəraitdə tarazlığın qorunması xüsusi diplomatik məharət tələb edir.

Onun sözlərinə görə, Azərbaycanın uğuru müxtəlif güc mərkəzlərindən birini seçməyə məcbur qalmadan hər bir əməkdaşlıqdan konkret milli fayda əldə etməsindən asılıdır. Çoxvektorlu və balanslaşdırılmış xarici siyasət də məhz bu məqsədə xidmət edir.

Sabiq deputat bildirib ki, praktik baxımdan Bakı üçün əsas məsələlərdən biri Çin sərmayələrinin və tranzit yüklərinin real həcmini artırmaqdır. Bunun üçün infrastrukturun inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi və dəhliz boyunca yerləşən ölkələr arasında koordinasiyanın gücləndirilməsi vacibdir.

Əlibəylinin fikrincə, Çinin iqtisadi maraqları Azərbaycanın tranzit mərkəzinə çevrilmək və orta güc kimi regional təsirini artırmaq strategiyası ilə uzlaşır. Lakin bu uyğunluq öz-özünə nəticə vermir və konkret mexanizmlərlə möhkəmləndirilməlidir.

O vurğulayıb ki, Pekin regionda təsir dairəsi uğrunda gərginlik yaratmaqdan daha çox, ticarət marşrutlarına və logistika mərkəzlərinə sabit çıxış əldə etməyə çalışır. Bu prosesin nəticəsi isə həm Bakının mövqeyindən, həm də regionda rəqabət aparan digər güclərin addımlarından asılı olacaq.

“Bir şey aydındır: Cənubi Qafqaz artıq böyük güclərin diqqət mərkəzindədir və Azərbaycanın bu məkandakı rolu getdikcə artır”, – deyə Qulamhüseyn Əlibəyli fikirlərini yekunlaşdırıb.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər