Suqovuşanda müasir yaşayış və sosial infrastruktur yaradılıb
Ağdərə rayonunun Suqovuşan kəndində genişmiqyaslı quruculuq, abadlıq işləri aparılıb, müasir yaşayış və sosial infrastruktur yaradılıb.
ERAmedia-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində kəndə köç edən sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi məqsədilə hündürmərtəbəli yaşayış binalarından ibarət müasir yaşayış kompleksi salınıb. Kənddə çoxmənzilli yeni yaşayış binaları ilə yanaşı, sosial infrastrukturun yaradılmasına da xüsusi diqqət yetirilib. Kənddə məscid, məktəb və tibb məntəqəsi fəaliyyət göstərir. Suqovuşanda kommunal infrastruktur da yenidən qurulub. Sakinlər fasiləsiz elektrik enerjisi, içməli su, yüksəksürətli internet və təbii qazla təmin edilir. Əhalinin gündəlik tələbatlarının daha rahat qarşılanması üçün kənddə market yaradılıb, bankomat quraşdırılıb. Kənddaxili yolların və ətraf ərazilərin abadlaşdırılması, ictimai məkanların yaradılması istiqamətində də işlər görülüb. Beləliklə, Suqovuşanda müasir və rahat yaşayış üçün zəruri infrastruktur formalaşdırılıb.









